Çox güman ki, OPEC-in digər istehsalçılarla danışıqları müsbət nəticə verəcək və neftin bir barelinin qiyməti 50-60 dollara qalxacaq.
Məlumata görə, bunu Trend-ə Ukrayna Milli Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Mərkəzinin energetika proqramları üzrə direktoru Valentin Zemlyanski deyib.
Onun sözlərinə görə, OPEC ilə digər neft istehsalçıları arasında qarşıdakı görüşdə böyük ehtimalla söhbət bazarda pay üzrə razılığa gəlməkdən gedəcək:
"İstehsalın azaldılması bu və ya digər ölkənin bazar payına təsir etməməlidir. Ehtimallar bir qədər xəyalidir, lakin belə gizli razılaşmaların neftin qiymətinin sabitləşməsinə səbəb olacağı tamamilə mümkündür. Bununla belə, qiymət trendində dəyişikliyi ilin ikinci yarısından tez gözləməyə dəyməz".
Ekspert bildirib ki, neftin qiymətinin artması, şübhəsiz, ixracatçı ölkələrin valyutalarının möhkəmlənməsinə təsir edəcək.
"Brent" markalı neftin qiymətinin cədvəli
Bildirir ki, son məlumatlara görə, dünya birjalarında neftin qiyməti yenidən düşməyə başlayıb. WTI markalı yüngül neftin mart fyuçersləri Nyu-York əmtəə birjasında (NYMEX) 6,42% aşağı enərək, 1 barrel üçün 31,46 dollar təşkil edib.
Londonun İCE birjasında isə Brent markalı neftin martda çatdırılma şərtilə fyuçersləri 5,32% ucuzlaşaraq, 1 barrelə görə 33,97 dollar təşkil edib.
Neftin qiyməti Rusiya - Ukrayna münaqişəsindən sonra aşağı düşməyə başladı. 2014-cü ilin fevral-mart-aprel aylarından Rusiya Ukraynanın Krım bölgəsini və Donbas vilayətinin bir hissəsini işğal altında saxlayır.
O vaxtdan bəri dünya miqyasında yaranan yeni qarşıdurma iqtisadi basqılarla da müşayiət olunur. Neftin dünya bazarında qiymətinin enişi Qərblə Rusiyanın iqtisadi müharibəsinin əsas elementidir./anspress/