Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir. Bugünə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilmişdir.
Qazeta.info Səhiyyə Nazirliyinin məlumatına əsasən bildirir ki, aksiyalarda ümumilikdə 360 nəfər iştirak etmişdir, o cümlədən, Şabran rayonunda keçirilmiş aksiyada 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan vermişdir. Bugün qanvermə aksiyası Astara şəhərində keçirilir.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatcılığı ilə qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcəkdir.