Nazirlik əlillərə avtomobil verdi (FOTO, VİDEO)
02.10.2015 662 0.0 0

“İndiyədək Azərbaycanda dövlət tərəfindən minik avtomobili ilə təmin olunan imtiyazlı  şəxslərin 31,2 faizinə məhz 2014-cü il və cari ilin ötən dövründə avtomobil verilib”.

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) cari il ərzində növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini “Naz-LİFAN” markalı minik avtomobili ilə təmin edib.
   Qazeta.info ƏƏSMN-nə istinadla bildirir ki, tədbirdə ƏƏSMN yanında
Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev son illərdə Azərbaycan Prezidenti  İlham Əliyevin diqqət və qayğısı nəticəsində müharibə əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial təminatının gücləndirilməsi yönündə görülən işlər barədə məlumat verib. Ç.Əliyev bildirib ki, dövlət başçısının müvafiq sərəncamları əsasında 2014-cü ilədək növbəyə dayanan bütün müharibə əlilləri və onlara bərabər tutulan şəxslər avtomobillə tam təmin edilərək, artıq cari ildə növbəyə dayananlara avtomobillərin verilməsi həyata keçirilir: “Ümumilikdə indiyədək Azərbaycanda dövlət büdcəsi hesabına 5550 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxs avtomobillə təmin olunub. Onların 31,2 faizinə, yəni 1733 nəfərinə məhz 2014-cü il və cari ilin ötən dövründə minik avtomobili təqdim edilib.  Bu isə Azərbaycanda iqtisadi artım tempinin və bununla bərabər bütün sosial proqramların yüksələn xətlə davam etdirildiyinin daha bir əyani göstəricisidir”.  
   Xidmət rəisi bununla son bir ayda artıq 200 nəfər müvafiq şəxsə minik avtomobili verildiyini və ilin sonunadək bu prosesin uğurla davam etdiriləcəyini diqqətə çatdırıb. 
   Əlil ictimai birliklərinin rəhbərləri ölkəmizin dinamik sosial-iqtisadi inkişafı şəraitində hər bir vətəndaşın, həmçinin əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla bəhs ediblər. Onlar son illərdə sosial təminat sistemində şəffaflığın təmin olunması üçün görülən işlərin də təqdirəlayiq olduğunu bildiriblər. Qeyd olunub ki, minik avtomobili üçün növbəyə dayananların və indiyədək artıq avtomobil verilmiş bütün imtiyazlı şəxslərin siyahılarının ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki “Avtomobillərlə təminat” alt-bölümündə yerləşdirilməsi qeyd olunan işlərdə şəffaflığın və bu sahəyə daimi ictimai nəzarətin həyata keçirilməsinə imkan yaradıb. 
   Yeni avtomobillə təmin olunan imtiyazlı şəxslər sevinclərini bölüşərək ölkəmizdə sosial cəhətdən həssas qrupların rifah halının yüksəldilməsi istiqamətində aparılan işlərdən razılıqla söz açıb, onların minik avtomobilləri ilə təminatına göstərdiyi böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar. 
   Minik avtomobili ilə təmin olunanların 54 nəfərini Qarabağ müharibəsi və 9 nəfərini Böyük Vətən müharibəsi  əlilləri, 15 nəfərini Çernobıl AES və 1 nəfərini 20 Yanvar əlilləri, digərlərini isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar təşkil edib.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar