Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib. Qafqazinfo-nun xəbərinə görə, dəyişiklik nəticəsində 8 şöbə müdiri işdən çıxarılıb. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar olunub.
Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Akif Əli dəqiq rəqəm açıqlamasa da bildirib ki, dəyişikliklər prezident İlham Əliyevin 23 avqustda verdiyi fərman əsasında aparılır: “Fərmanda qeyd olunur ki, aparatın yeni ştat cədvəli 1 ay müddətinə tərtib olunmalıdır. Ştat sayı isə 200 nəfər olmalıdır. Ona görə də cənab prezidentin fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin strukturunda yeniləşmələr gedir. Proses hələ ki, gedir, ancaq başa çatmayıb. Buna uyğun olaraq da işdən çıxarılanlar mütləq olacaq. Həmçinin şöbələrin adları da dəyişdirilir, bir qismi birləşdirilir. Yalnız Mətbuat Xidməti şöbəsinin adında dəyişiklik edilməyib. Çünki cənab prezident mətbuatın dostudur”.
Nazirlər Kabinetində həyata keçirilən ciddi ixtisarların və 8 şöbə müdirinin vəzifəsini itirməsinin detalları da açıqlanıb.
Dövlət başçısının məlum Fərmanı ilə NK-nın strukturunda aparılan islahatların mahiyyəti mobilliyi və çevikliyin təmin olunması ilə bağlıdır. Belə ki, hökumət aparatında bir-birinin fəaliyyətini təkrar edən şöbələrin ixtisara salınması və ya birləşdirilməsi həyata keçirilir.
Fərmana əsasən, NK-nin humanitar və sosial şöbələri birləşdirilərək bundan sonra Humanitar-sosial şöbə adlanacaq. Rabitə və nəqliyyat şöbəsi Tikinti–kommunikasiya şöbəsi ilə birləşdirilib.
Daha sonra Xarici iqtisadi əlaqələr şöbəsi MDB ölkələri ilə əlaqələr şöbəsi ilə birləşdirilərək Beynəlxalq əlaqələr şöbəsi adlandırılacaq. NK-nın ən böyük və bir neçə sahəni əhatə edən Ümumi şöbəsi ləğv edilərək Sənədlərlə, Vətəndaşların müraciəti üzrə iş şöbəsi yaradılır.
Məlumata görə, ləğv olunan və birləşdirilən şöbələrdə artıq ştatların hamısı aradan qaldırılacaq, ixtisarlar həyata keçiriləcək.
İxtisarların şöbə müdirləri ilə yanaşı baş nazirin müavinlərinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Lakin baş nazirin müavini vəzifəsinə təyinat və ya azadetmə prezidentin səlahiyyətinə aid olduğu üçün sözügedən ixtisarların hələ ki, onlara şamil olunub-olunmayacağı haqda məlumat yoxdur./Bizimyol.info/