Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məlumata görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə S.Nəbiyev ifadə verməkdən imtina edib.
Daha sonra zərərçəkmiş Əlikram Camalovun oğlu Əkbər Camalov dindirilib. O bildirib ki, 2015-ci ilin noyabr ayında S.Nəbiyev atasından 11063 dollar pul verib: "Həmin puldan isə 3600 manat qaytarıb. Digər pulları isə verməyib".
Prosesdə şahid qismində Arzu Mərdanov ifadə verib. O qeyd edib ki, təqsirləndirilən S.Nəbiyevin mağazasının yanında öz mağazası olub: "Əlikram Camalovla Samir Nəbiyev arasında pul söhbətindən xəbərim vardı. Nə qədər pul aldığını bilmirəm. Amma Samir deyir ki, iş məqsədi ilə müəyyən məbləğlərdə Əlikram Camalovdan pul almışam. Pula görə müqavilə imzalananda orada şahid kimi iştirak etmişəm. Əkikram Camalovu isə mağazaya gələn müştəri kimi tanımışam".
Məhkəmənin növbəti iclası avqustun 30-na təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə iclasında S.Nəbiyevin vəkili Ceyhun Yusifov vəsatətlə çıxış edərək, məhkəmə istintaqının təzələnməsini istəyib. Vəsatət təmin edilib.
İttiham aktına əsasən, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlığı satışı mağazasına sərmayə qoymağı istəyib. Əvəzində isə qazancın yarısını nazirin qardaşına verəcəyini vəd edib.
Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.
S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Nazirin qardaşı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib. Daha sonra onun müraciəti araşdırıldıqdan sonra Nərimanov Rayon Prokurorluğunda 12 yanvar 2017-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb.
Təqsirləndirilən S.Nəbiyev həbs edilməyib, onun himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib./Report/