Nazirin işdən çıxarılma xəbəri yayıldı
30.10.2015 922 0.0 0

Bu gün daha bir dövlət məmurunun - nazirin işdən çıxarılması barədə məlumat yayılıb. Məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarıldığı, prezidentin bu barədə fərmanının yaxın saatlarda elan olunacağı iddia edilir. 

Nazirin vəzifədən uzaqlaşdırlmasının MTN ətrafında gedən proseslərlə bağlı olduğu deyilir. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmisi bu barədə xəbərləri təkzib edib. RYTN mətbuat xidmətinin rəhbəri Müşviq Əmirovun verdiyi məlumata görə, bu barədə xəbərlər həqiqəti əks etdirmir. "Nazir öz otağında, işinin başındadır", deyə o bildirib. 

Ə.Abbasov 2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib. 

Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının çoxu telefon danışıqlarının qanunsuz dinlənməsi ilə əlaqədar hazırda dindirilir. Nazirlikdən verilən məlumata görə, ciddi yoxlamalar bir neçə gün öncə başlayıb. Bundan başqa adıçəkilən nazirliyin aparat rəhbəri Vidadi Zeynalov həbs edilib. V.Zeynalovun həbsi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin bir neçə gün öncə işdən çıxarılan rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

 


Aparat rəhbəri Vidadi Zeynalov

Vidadi Zeynalov nazirlikdən öncə, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati - təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb. Daha sonra iş yerini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə dəyişib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar