Nazirin işdən azad olunmasının səbəbləri
12.11.2015 583 0.0 0

Azərbaycanda son bir ay ərzində prezident İlham Əliyevin sərancamı ilə artıq ikinci nazir vəzifəsindən azad olub. Oktyabrın 17–də Milli Təhlükəsizlik naziri Eldar Mahmudov , bu gün isə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov tutduğu vəzifələrindən kənarlaşdırılıblar.

Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra onun fəaliyyəti barədə bir çox qaranlıq məqamlar ortaya çıxdı. Sabiq nazirin xarici kəşfiyyat orqanları ilə əlaqəli olması və onun tapşırığı ilə bir çox nüfuzlu insanların telefon danışıqlarının dinlənildiyi bildirildi. Həmçinin Eldar Mahmudovun sahibkarlardan qanunsuz pul yığılması ilə bağlı da xəbərlər yayıldı. Eyni zamanda sabiq nazirin təmsil etdiyi nazirliyin yüksək çinli məmurları həbs edildi. 

Eldar Mahmudov vəzifəsindən azad olunduqdan sonra onun ətrafında yaranan qalmaqalda ən çox adı hallanan nazirlik isə Rabitə və Yüksək Texnologiya Nazirliyi idi. Çünki telefon dinləmələrinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirildiyi bildirilirdi. 

 


Eldar Mahmudov - sabiq Milli Təhlükəsizlik naziri

 


Bu məlumatların yayıldığı bir vaxtda Eldar Mahmudovun qohumları Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov vəzifələrindən azad olundu. Daha sonra "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıdı. Onların telefon dinləmələrində kömək etdikləri üçün istintaqa cəlb edildiyi bildirilirdi.

 

Eldar Mahmudovun vəzifədən azad edilməsindən sonra dinləmələrdə adı hallanan və əməkdaşları həbs edilən Əli Abbasov vəzifəsindən azad olundu. Baş verən proseslər deməyə əsas verir ki, nazirin vəzifədən azad edilməsinin səbəblərindən biri təmsil etdiyi qurum ətrafında yaranan qalmaqallardır.

 


Əli Abbasov - sabiq Rabitə və Yüksək Texnologiyalar naziri

 


Son vaxtlar İlham Əliyevin Nazirlər Kabinetinin iclaslarında ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı dəfələrlə nazirlərə xəbardarlıq etməsi və son çıxışları onu deməyə əsas verir ki, ölkədə genişmiqyaslı islahatlara başlanılıb. 

 


Nazirlər kabinetinin son iclası

 

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Millət vəkili Aydın Mirəzadənin sözlərinə görə, zamanı gələndə ölkədə yeni kadrlara ehtiyac olur.

"Prezident baş verən proseslərin içərisində olduğu üçün müvafiq dəyişikliyi vaxtında edir. Bütün bunlar ölkədə aparılan islahatların bir hissəsidir. Kadr dəyişiklikləri əsasən kimsə öz potensialını başa vurduğu zaman baş verir. Bu baxımdan vaxtaşırı kadr dəyişikliyinin edilməsi normal prosesdir. Qısa vaxt ərzində neçə nazirin dəyişməsinin və yaxud da kimin nə qədər işləməsi bir o qədər əhəmiyyət daşımır”. 

 


Aydın Mirzəzadə - YAP -ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Millət vəkili 

 


Millət vəkilinin sözlərinə görə, prezidentin iki naziri bir-birinin ardınca vəzifələrindən azad etməsi bu sahələrdə artıq yeniliyə və işin müasir tələblərə uyğun qurulmasına ehtiyac yarandığını ortaya qoyur.

“Müəyyən zaman ərzində ölkədə yeni bir simaya və fərqli formada fəaliyyət göstərən insanlara ehtiyac yaranır. Prezident də bütün çıxışlarında məmurların və hakimiyyət orqanlarında çalışanların öz vəzifələrinə məsuliyyətlə yanaşmaları barədə tələblər qoyurdu”.

Nazir Əli Abbasovun vəzifəsindən kənarlaşdırılmasının daha bir səbəbi kimi quruma ayrılan maliyyə vəsaitlərinin düzgün və səmərəli formada xərclənməsi barədə tapşırıqların yerinə yetirilməməsini də göstərmək olar. 

Azərbaycanda rabitə sahəsinə hər il milyonlarla manat pul ayrılır. Son illərdə isə bu sektora investisiya qoyuluşu təqribən 2,5 milyard ABŞ dolları təşkil edib. Dövlət Neft Fondunun ayırdığı 450 milyon manata yaxın vəsait məhəllə daxili kabellərin optik kabellərlə əvəzlənməsinə imkan yaradırdı. Bu məbləğ əsasən ölkədə telefon və internet şəbəkəsinin yenidən qurulmasına və bərpasına xərclənməsi nəzərdə tutulurdu.

Amma İKT sektorunun ÜDM-də payı 2% civarında dəyişir. Ümumilikdə isə yaxın dövrlər ərzində İKT sektoruna qoyulan vəsaitin şişirdildiyi və yatırılan məbləğin isə düzgün xərclənməməsi bu sahənin zəif inkişaf etməsinə səbəb olub. Azərbaycanda internet və rabitə xidmətlərinin aşağı olması problemi dəfələrlə gündəmə gətirilib.

 


Mənbə: 2013, 2014, 2015-ci illərin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunları 

 

Bütün bu səbəblər və sərmayələrin gəlir gətirməməsi bu sahədə də islahatların və kadr dəyişikliklərinin həyata keçirməsini labüd edirdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar