Azərbaycanda yüksək vəzifəli şəxslər, məmurlar münasibətlərini, dayaqlarını möhkəmləndirmək üçün nikah diplomatiyasına müraciət edirlər. Əlbəttə, həmin məmur övladları arasında həqiqətən də bir-birini görüb-bəyənən, sevərək ailə quran gənclər də var. Amma bir çox hallarda bu münasibətlərin ümumilikdə düşünülmüş, məqsədli şəkildə qurulması heç kimə sirr deyil. Ölkədə yüksək vəzifəyə sahib nazir, komitə sədri, nazir müavini ilə quda olmaq digərləri üçün böyük üstünlük hesab edilir.
Əlbəttə, “nazir oğlu fəhlənin qızını ala bilməz” deyənlər də tapılacaq. Sual olunur: “Niyə də almasın?..”.
Dünya praktikasına, dünya siyasətinə nəzər salın. Nə qədər sadə ailənin qızı ilə evlənən varlı oğlanlar, sadə oğlana ərə gedən yüksək zümrənin qızları var. Bizdə isə əksinədir. Hətta kasıb oğlu varlı qızını sevəndə “ay bala, biz onlara tay ola bilmərik” deyib izdivaca mane olan valideynlər də az deyil. Yaxud əksinə, dəfələrlə elçi gedilməsinə baxmayaraq, hər dəfə “bizim sizə veriləcək qızımız yoxdur” cavabı alan yoxdul valideynlər saya-hesaba gəlmir...
Bir sözlə, son zamanlarda məmurların adları mətbuatın gündəminə həm də quda və qohum olmaları ilə də gəlir. Məsələn, eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, keşmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyevin timsalında qudalar mövzusu tez-tez müzakirələrə açılır.
Qazeta.info bildirir ki, mövzu ilə bağlı Modern.az saytına danışan Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa ailə dəyərlərinin deformasiyaya uğramasını azərbaycanlıların ümumi bəlası adlandırıb:
“İnsan ailə qurarkən birinci növbədə vacib olan ailə dəyərlərinin necə olacağını düşünməkdir. Təəssüf ki, Azərbaycanda bu dəyərlər çoxdan deformasiyaya uğrayıb. Çünki insanların böyük əksəriyyəti ailə institutuna, sadəcə iqtisadi və siyasi cəhətdən özünüqoruma mexanizmi kimi baxır. Bu da çox acınacaqlı haldır ki, ailənin tez dağılmasına, problemlərin yaşanmasına səbəb olur”.
Fazil Mustafanın fikrincə, bu cür məsələlər yalnız varlı zümrəyə şamil edilməməlidir:
“Yoxsullar da eyni cür düşünürlər. Kimliyindən asılı olmayaraq bir çox hallarda imkanlı, əhatəli insanlarla qohum olmağa çalışırlar.
Bu gün insanlar özlərinə güvənərək özlərini təsdiq etmək yolunu tutmur, yardımçı vasitələrə, “dopinq”ə üstünlük verməyə başlayırlar. Bu da əlaqələrin anormal şəkildə ortaya çıxmasına səbəb olur. Bir-birini tanımayan, dünyagörüşü, statusu fərqi olan insanların müəyyən dərəcədə üzüntü yaşadıqlarını görürük. Hətta bu gün varlı biri ilə qohum olan yoxsul ailənin öz övladına baş çəkməsinə icazə verilmir. Bu, sadəcə, dəhşətdir...”.
Deputatın fikrincə, “nikah diplomatiyası”nın fəsadları son olaylarda daha qabarıq görünməyə başlayıb:
“Acınacaqlı halın fəsadları son vaxtlar daha çox üzə çıxır. Bunların böyük əksəriyyəti siyasi nikahlardır. Siyasi nikah deyərkən vəzifə şəbəkəsinin imkanlarından istifadə edərək bir-birini qorumaq nəzərdə tutulur. Amma Azərbaycan şərtlərində “piramida”dan bir daş düşəndə bütün piramidanın sütunu pozulmağa, laxlamağa başlayır. Digər daşlar da düşmək təhlükəsi ilə üzləşir.
Fikrimcə, bu, insanların mənəvi dəyərlərinin zəif olması ilə əlaqədardır. Təbii ki, vəzifəli, imkanlı adamların öz çevrəsi var. Yəni biri digərini görüb xoşu gələ bilər və onunla ailə qurar. Amma xeyli praktiki misallarla görürük ki, bunlar məqsədli xarakter daşıyır. Ona görə də acınacaqlı bir hal kimi nə isə söz deməyə də çətinlik çəkirəm. Çünki söhbət insan taleyindən gedir. Heç kim istəməz ki, ailəsi dağılsın. Yaxud, bir nəfərə görə qohumluq münasibətləri əsas götürülərək digərləri də sıradan çıxarılsın. Amma bu, günümüzün reallıqlarıdır. Hər halda, ailələr əvvəlcədən düşünməlidirlər. Ailəni siyasətə, vəzifəyə qurban vermək olmaz. Çünki vəzifə, siyasət keçici, ailə isə qalıcı dəyərlərdir. Bunun sütunu, etimadı pozulanda artıq cəmiyyətə bu ailədən fayda gözləmək sadəlövhlük olar”.