Müdafiə naziri general-polkovnik Zakir Həsənov:
"Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır!"
Noyabrın 5-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə "leytenant" hərbi rütbəsi verilən gənc zabitlərin növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov kursu bitirən məzunlarla görüşüb.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra Mərkəzin rəisi polkovnik Nazim Əlibəyov kursu müvəffəqiyyətlə bitirən məzunların müxtəlif ixtisaslar üzrə xidmətlərini davam etdirmək üçün hərbi hissələrə yola salınacağı barədə məruzə edib.
Sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov geniş və proqram xarakterli nitqlə çıxış edib. Nazir əvvəlcə kursu bitirən növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edərək, orduda aparılan son islahatlardan, hərbi təhsil sistemində keçirilən vacib tədbirlərdən, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb.
"Bu əlamətdar gün sizin həyatınızda uzun müddət xatırlanacaqdır. 5 il, 10 il bundan sonra da bu hadisə yaddaşınızdan silinməyəcəkdir. Bu gün sizin taleyinizdə mühüm bir mərhələnin bünövrəsi qoyulur - siz zabit vəzifələrinə təyin edilməklə Vətənimizin müdafiə qabiliyyətinin möhkəmlənməsinə dəyərli töhfələr verirsiniz.
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın hərbi ənənələrinin qorunmasına önəm verərək hakimiyyətinin bütün dövrlərində gənclərimizin hərb işinə marağının gücləndirilməsinə ciddi diqqət yetirmişdi. O, qeyd edirdi ki, zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindən biri olmalıdır. Doğrudan da zabit peşəsi ən müqəddəs və vacib peşələrdən biridir, çünki bu peşənin əsas mahiyyəti Vətəni qorumaqdan ibarətdir", - deyə nazir qeyd edib.
Müdafiə naziri tədbirdə iştirak edən şəxsi heyətə müraciətlə demişdir: "Silahlı Qüvvələrin hər bir hərbi qulluqçusu "Vətənə, xalqa, dövlətə xidmət bizim ömrümüzün mənasıdır" - devizini dərk etməli, bu amalla yaşamalı və vicdanla xidmət etməlidir. Vətənimizin ciddi sınaqlar qarşısında qaldığını və torpaqlarımızın 20 faizinin illərdən bəri işğal edildiyini diqqətə çatdıran Müdafiə naziri birmənalı şəkildə vurğulayıb ki, bu problemin həll edilməsi üçün əsas məsuliyyət Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə düşür.
"Ölkəmiz neçə illərdir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün səylərini əsirgəmir. Çox təəssüf ki, ikili standartlara yol verən nüfuzlu dövlətlərin və beynəlxalq qurumların rəsmiləri işğalçı Ermənistana təsir göstərməkdənsə, beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərimizin işğal altında qalmasına göz yumurlar. Belə bir vəziyyətdə sülh danışıqları nəticə verməzsə Azərbaycan münaqişənin hərbi yolla həllinə məcburdur və öz ərazilərini hərbi güc tətbiq etməklə işğaldan azad etməlidir.
Bu gün siyasi-iqtisadi, həmçinin hərbi potensialına görə regionda lider olan ölkəmiz bu məsələni həll etmək üçün kifayət qədər gücə malikdir. Hörmətli Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir", - deyə nazir bildirib .
Cari ilin iyul-avqust aylarında cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan Müdafiə naziri diqqətə çatdırıb ki, bu gün ölkə rəhbərliyinin ordu quruculuğu sahəsində apardığı əsaslı islahatlar düşmənlərimizi qıcıqlandırmaya bilməzdi. "Bu hadisələr bir daha ordumuzun lazımi qədər hərbi gücə malik olduğunu sübuta yetirdi. İtkilərlə üzləşən düşmən bir daha dərk etdi ki, artıq Azərbaycan real hərbi qüvvəyə malikdir".
Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti öz hərbi kollektivinə şəxsi nümunə olmalıdır.
"Tabeliyinizdə olan əsgərləri Vətənimizə, dövlətimizə sədaqətlə xidmət etməyə ruhlandırmaq sizin əsas vəzifənizdir. Əsgərlərin vətənpərvər döyüşçülər kimi hazırlanmasında siz bütün səmərəli vasitələrdən istifadə etməli, şəxsi heyətə yüksək döyüş əhval-ruhiyyəsi aşılamalısınız. Bu həqiqəti unutmayın ki, ən müasir silah və texnikanı idarə edən əsgərdir. Buna görə də əsgərlərimiz yüksək mənəvi dəyərlər ruhunda tərbiyə edilməlidir", deyə general-polkovnik Zakir Həsənov vurğulayıb.
Müdafiə naziri çıxışının sonunda gənc zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir zabit üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcəkdir.
Sonda gənc leytenant Kənan Məmmədzadə çıxış edərək təlim müddətində vacib hərbi vərdişlərə yiyələndiklərini qeyd edib və silahdaşları adından söz verib ki, dövlətin və ordu rəhbərliyinin qarşya qoyduğu vəzifələri əzmlə yerinə yetirəcəklər