Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasından irəli gələn məsələlər, cari ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda kollegiya iclası keçirilib.
Qazeta.info Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov vurğulayıb ki, cari ilin birinci yarısında gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması istiqamətində tədbirlər artaraq davam etdirilib. “Naxçıvanterminalkompleks” Birliyi üçün inşa olunan yeni inzibati binanın, beynəlxalq standartlara cavab verən anbarların yenidən qurulması işi yekunlaşdırılıb. Sədərək sərhəd keçid məntəqəsi üçün qurulan yeni gömrük kompleksinin baş planına uyğun olaraq ərazidə lazımi torpaqlama işləri görülüb və tikintiyə başlanılıb. Culfa sərhəd keçid məntəqəsində minik avtomaşınları və onların sərnişinlərinin daha rahat keçidinin təmin olunması üçün yardımçı bina inşa olunub, keçid xəttində rentgen nəzarəti qurğusu quraşdırılıb.
Daha sonra bildirilib ki, büdcənin formalaşdırılması istiqamətində müəyyən olunmuş illik proqnoz-tarşırığa altı ay ərzində 82 % əməl olunub. Belə ki, 2015-ci il üçün müəyyənləşdirilən 7 milyon manat proqnoza qarşı 5 milyon 921 min manat vəsait toplanaraq büdcəyə köçürülüb, toplanmış vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 14,6 %-ni təşkil edib.
Muxtar respublika vasitəsilə həyata keçirilən xarici ticarət dövriyyəsinin vəziyyətini şərh edən Komitə sədri deyib ki, idxaldan asılılığın azaldılması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verib. 33 ölkə ilə aparılmış ticarət əməliyyatlarının ümumi həcmi 208 milyon 291 min ABŞ dolları olub. İxrac əməliyyatları əsasən İran İslam Respublikası, Türkiyə Respublikası, Rusiya Federasiyası, İsrail və Türkmənistan Respublikası ilə həyata keçirilib.
Vurğulanıb ki, hesabat dövründə narkotik vasitələrin, pisixotrop tərkibli dərmanların, pirotexniki məmulatların, habelə, əxlaqi keyfiyyətlərimizə mənfi təsir göstərən vasitələrin, dini dəyərlərimizlə uzlaşmayan kitab və broşürlərin, odlu və soyuq silahların xaricdən qanunsuz yollarla muxtar respublikaya gətirilməsinin qarşısı alınıb. Bu sahədə aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyət və həyata keçirilən qabaqlayıcı tədbirlər səmərəliliyi artırıb.
Muxtar respublikada iqtisadiyyatın hərtərəfli inkişaf etdirilməsi məqsədilə qəbul olunmuş Dövlət proqramlarının icra vəziyyətindən və daxili bazarın qorunması istiqamətində görülmüş işlərdən də danışan A.Məmmədov qeyd edib ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimullaşdırılması, yerli istehsal məhsullarının qorunması iqtisadi inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə insanların həyat və sağlamlığının qorunması, əhalinin keyfiyyətli məhsullarla təminatı, ərzaq təhlükəsizliyi istiqamətində səylər artırılıb, muxtar respublikaya keyfiyyətsiz qida məhsullarının gətirilməsinin qarşısı alınıb. Qida məhsullarının buraxılışı bir qayda olaraq Naxçıvan Gömrük Ekspertizası İdarəsində laborator analizlərə cəlb edilməklə həyata keçirilib.
Altı ay ərzində ümumilikdə 80 tona yaxın kənd təsərrüfatı, ərzaq və digər qida məhsullarının idxalına icazə verilməyib. Həmin mallar üzərində istehlak tarixinin olmaması, istehlak müddətinin bitməsi, mənşəyin məlum olmaması, keyfiyyətsiz və ya xarab olması, əmtəə görünüşünün pozulması, tərkibində nitratın miqdarının normadan artıq olması kimi hallara, o cümlədən yerli istehsala görə buraxılmayıb. Ümumilikdə ayrı-ayrı vətəndaşlardan saxlanılan 2 tona yaxın məhsul isə yuxarıda qeyd olunan səbəblər əsas götürülərək məhvetmə komissiyası tərəfindən məhv olunub.
Aparılmış audit yoxlamalarının nəticələri ilə bağlı məlumat verən Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynov bildirib ki, cari ilin birinci yarısında tabeli gömrük orqanlarının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə yanaşı, 6 sahibkarlıq subyektinin ümumi gömrük auditi aparılıb, ümumilikdə 12 min manat vəsaitin yenidən dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Sonra tabeli gömrük orqanları rəislərinin hesabatları dinlənilib.
Kollegiya iclasına yekun vuran Komitə sədri “Kənd təsərrüfatı ili”ndə yerli kənd təsərrüfatı məhsullarının analoji xarici malların təsirindən qorunmasının vacibliyini vurğulayaraq nizam-intizamın gücləndirilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin artırılması, elektron xidmət və ödənişlərdən istifadənin stimullaşdırılması, maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsi, vətəndaşların müraciətlərinə vaxtında baxılması ilə bağlı konkret tapşırıqlar verib.