Azərbaycan Şimali Atlantika Alyansının müəyyən fəaliyyətində yaxından iştirak etdiyi üçün Azərbaycan prezidenti İlham Əliyev bu sammitə dəvət edilmişdi”.
Məlumata görə, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.
N.Məmmədov deyib ki, Azərbaycan tərəfinin iştirak etdiyi əsas böyük plenar iclas Əfqanıstanla bağlı olub: “Əslində sammitdəki ən böyük iclas da bu idi. Həmin iclasa 60-dan çox dövlət rəhbəri, eləcə də Alyansla əlaqədar olan dövlətlərin başçıları gəlmişdilər. Dövlət başçımız iclasda çıxış edən ilk 10 dövlət başçısından biri oldu. Prezident İlham Əliyevin çıxışı iki hissədən ibarət idi. Birinci hissə Azərbaycanın qarşısında duran və həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərlə əlaqədar idi. Dövlət başçısı bu münaqişə ilə bağlı sammitdə iştirak edən 60 dövlət başçısına vəziyyət nə yerdə olması, məsələnin həlli yolu barədə məlumat verib. Prezidentin çıxışının ikinci hissəsi Azərbaycanın Alyansla əməkdaşlığı ilə əlaqədar idi. Azərbaycan NATO-nun fəal partnyorlarından biridir, Əfqanıstan və digər məsələlərlə bağlı Alyansa yaxından kömək edir. NATO-ya üzv dövlətlərin hamısı da bunu yüksək qiymətləndirdi”.
N.Məmmədov bildirib ki, prezident İlham Əliyev çıxışında NATO-nun sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləndiyinə görə minnətdarlığını çatdırıb, bunu yüksək qiymətləndirdiyini vurğulayıb: “Bu dəfə də NATO-nun qəbul etdiyi sənəddə bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və NATO-nun əvvəlki mövqeyi qüvvədə qalır. Nəzərə alsaq ki, NATO bu gün dünyanın ən mühüm siyasi-hərbi təşkilatlarından biri və birincisidir, o halda bu dəstək çox mühümdür”.//APA