NATO Rusiyanın Brüssel nümayəndəliyində çalışmaq üçün göndərmək istədiyi diplomatlara viza verilməyəcəyini elan edib.
RİA “Novosti” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Bəli, Brüsseldə 7 nəfər arzuolunmaz şəxs elan edildi. Həm də bildirildi ki, daha 3 əməkdaşa viza verilməyəcək”, - deyə o bildirib.
Qeyd edək ki, martın 4-də Rusiya Baş Təhqiqat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Böyük Britaniyanın Slosberi şəhərinin mərkəzində huşsuz vəziyyətdə tapılıb. Britaniya hökuməti hər iki şəxsin zəhərləndiyini bildirib. Cavab tədbiri olaraq rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyanın bu qərarına dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən çıxarılıb./apa/