“Türkiyədəki hərbi çevriliş cəhdindən sonra rəsmi Ankara qurumdakı zabitlərinin yarısını geri çağırıb”.
“Kommersant”a istinadən yayılan məlumata görə, bunu NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin baş komandanı, general Körtis Skaparotti deyib. Amerikalı general bildirib ki, birləşmiş hərbi qüvvələrdə yüksək vəzifələrdə çalışan 300 türkiyəli zabitdən 150-si geri çağırılıb və onların yarısı başqa zabitlərlə əvəzlənib. Geri çağırılanların bəziləri Türkiyəyə qayıtmaqdan imtina edib və Belçika, Almaniya, ABŞ və digər ölkələrdən sığınacaq istəyib.
“Bunlar həmin zabitlərdir ki, karyera qurublar və mühüm iş təcrübəsinə malikdirlər", - deyə K. Skaparotti söyləyib. Generalın sözlərinə görə, narahatedici yeganə məqam zabitlərin sayının azalması və təcrübənin itirilməsidir. O, Türkiyə hakimiyyətinin geri çağırılan zabitlərlə qanunauyğun qaydada rəftar edəcəyinə ümidvar olduğunu da vurğulayıb./APA/