Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu və Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub partiya daxilindəki narazıların ayrılaraq “Azad Müsavat Partiyası” yaradacağı barədə iddialara münasibət bildiriblər.
Q. İbadoğlu açıqlamasında bu tip informasiyaların bir mərkəzdən yayıldığını və heç bir əsasının olmadığını deyib: “Bunlar yalandır və eyni mərkəzdən məlum məqsədlərlə yayılan məlumatlardır. Hətta mənim əvvəllər işlədiyim İqtisadi Tədqiqatlar Mərkəzinə məxsus ofis qeyri-qanuni olaraq bağlanıb. Müsavat Partiyasından getmək, başqa siyasi partiyada təmsil olunmaq və ya yeni partiya yaratmaq fikrimiz yoxdur. Belə bir müzakirə heç vaxt olmayıb”.
Müsavat Məclisinin üzvü Vurğun Əyyub da yayılan informasiyaları təkzib edib: “Hər hansı bir partiya yaradılması istiqamətində müzakirələr getmir. Biz Müsavat Partiyasının üzvləriyik və partiyanın demokratik şəkildə idarəçiliyində maraqlıyıq, fəaliyyətimizi də buna yönəltmişik”.//APA