Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü barədə detallar məlum olub. Diplomatik mənbədən Trend-ə verilən məlumata görə, görüş Bakıda keçiriləcək. Belə ki, Rusiya XİN rəhbəri S.Lavrov cari il aprelin əvvəlində Bakıya səfər edəcək.
Görüşdə E.Məmmədyarov rusiyalı həmkarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Gündəlikdə həmçinin Şimal-Cənub layihəsinin realizəsi məsələsi də var.
Bəs, Rusiya xarici siyasət idarəsinin rəhbərinin Azərbaycana səfəri nə ilə bağlıdır?
Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli səfəri ANS PRESS-ə şərh edərkən bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirələr zamanı əsas mövzu olmayacaq.
Qabil Hüseynli - Politoloq, sabiq dövlət müşaviri
“Görüşdə Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə öz strateji planlarını qataraq müzakirə edəcək. Adını Qarabağla bağlı qoysalar da burada tamam başqa məqsədlərin olduğunu güman edirəm. Bu məqsədlər son dövrlər Azərbaycanın xarici siyasətində müşahidə edilən Qərb yönümlü siyasətin artan xətlə davam etməsidir. Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfəri, onun ardınca böyük əfv sərəncamının imzalanması və bu əfvə siyasi motiv əsasında həbs edilənlərin bir çoxunun düşməsi, daha sonra isə Vaşiqtondan irəli sürülən bir sıra mesajlarda Azərbaycana siyasi dəstəyin ifadə olunması Rusiyada o qədər də rahatlıqla qarşılanmır. Rusiya Gürcüstandan sonra Cənübi Qafqazdan çox narahatdır”,- deyə Qabil Hüseynli bildirib.
Politoloqun sözlərinə görə, Ermənistan tamamilə Rusiyanın əlaltısı olan bir dövlətdir. Həmçinin Qərb dünyasının Ermənistana ciddi bir marağı yoxdur.
"Azərbaycanla bağlı məsələ başqa cürdür. Həm enerji dəhlizi, həm böyük nəqliyyat dəhlizi kimi getdikcə geosiyasi əhəmiyəti artan bir dövlətin, beynalxalq münasibətlərdə seçilən bir dövlətin Rusiya siyasi orbitasından uzaqlaşması onları narahat edir. Bunlar son dövrlər Rusiya mətbuatında öz əksini tapmaqdadır. Əvvəl Bakıya Roqozin, Karasin gəlirdisə, indi daha yüksək ranqlı məmuru gəlir. Fikrimcə bu, Rusiyanın strateji maraqları ilə bağlıdır. Bu strateji maraqların içində Azərbaycanın oynadığı rol da var. Rusiya narahat olmağa başlayıb və bəzi məsələlərə aydınlıq gətirmək istəyir”, - deyə Qabil Hüseynli qeyd edib.
Qeyd edək ki, son günlər Rusiyanın yüksək vəzifəli məmurları Azərbaycana tez-tez səfər edir. Məsələn, Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib. Roqozin Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşüb və iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edib. Martın 4-də isə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edib.
Ötən ay Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada baş vermiş terror aktı zamanı baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsi səbəbindən Azərbaycana Çavuşoğlu gəlib və burada yüksək səviyyəli görüşlər keçirib. Martın 15-də isə Azərbaycan prezidenti İlham Əliyev Ankaraya səfər edib.
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi hava limanına gələrək yola salıb.