Namiq evləndi, Aygünə qadağa qoyuldu...
28.12.2015 1467 0.0 0

2015-ci il incəsənət aləmi üçün də bir sıra hadisələrlə yadda qaldı.

2015-ci ildə sənət aləmində baş verən şən və kədərli hadisələri sizə təqdim edirik.

2015-ci il Nizami kino mərkəzində Vahid Mustafa Yevin rejissoru olduğu "Qanlı Yanvar" filminin təqdimatı ilə başladı.

"Qanlı yanvar" filmi bizə sovet ordusunun törətdiyi qırğını və o qanlı gecə baş verənləri Azərbaycan ailəsi olan Nərimanovların gözü ilə göstərir. İki qardaş - kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdirlər. Onlar inandıqları uğrunda ölüm-dirim mübarizəsinə başlayıblar. Dramın mərkəzində isə onların anası - Xədicə dayanıb. 

İl ərzində film bir sıra ölkələrdə nümayiş edilib və beynəlxalq festivallara qatılıb. 

 

"Qanlı Yanvar" filminin təqdimat mərasimi 


“Qanlı Yanvar” filmi sentyabr ayında Monreal Beynəlxalq Film Festivalında nümayiş edilib. Filmin nümayiş premyerasında festivalın prezidenti Serxio Lis, kommunikasiya direktoru Henri Velş və digər nümayəndələr də iştirak ediblər. 
Film oktyabrın 23-də Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu Beynəlxalq Monstra film festivalına da qatılıb. 

Noyabr ayında isə Estoniyanın nüfuzlu "Black Nights" festivalında nümayiş olunub.

İlin sonuncu ayında “Qanlı Yanvar” filmi Hindistanda, 46-cı Beynəlxalq Qoa Film Festivalında tamaşaçı rəğbəti qazanaraq 3-cü yeri tutub.
Hindistanın Qoa şəhərində keçirilən festival Asiyanın nüfuzlu tədbirlərindən hesab olunur. “Qanlı Yanvar” filmi festivalda iştirak edən 3 tarixi filmdən biri olub. 

"Qanlı Yanvar" filmi festivalın xüsusi diplomuna layiq görülüb. Həmin diplomu prezident Serxio Lis Vahid Mustafayevə şəxsən təqdim edib.

Yanvarın 26-da isə Azərbaycanın tanınmış aktrisası Nigar Bahadırqızı gəlin köçüb. Türkiyə vətəndaşı Ersel Aktarla ailə həyatı quran aktrisanın toyu səs küylü keçib. 

 


Nigar Bahadırqızı və Ersel Aktar

Tanınmış aparıcı Elgiz Əkbər də bu il ailə həyatı qurub. O, mayın 9-da mediaya qapalı toy edib. Aparıcı Əsmər adlı xanımla evlənib. Bir müddət əvvəl isə Elgiz 2016-ci ildə ata olacağını açıqlayıb. 

 


Elgiz Əkbərin toy şəkli 

Ecazkar səsi ilə ölkəmizi Ukraynada keçirilən “Ukraynanın səsi” müsabiqəsində təmsil edən və finala bir addım qalmış şounu tərk etməli olan azərbaycanlı ifaçı Vaqif Nağıyev 19 yaşında subaylığın daşını atıb. Avqust ayında evlənən ifaçının toy mərasimi Ukraynada baş tutub. O, Elmira adlı xanımla nikah masasına oturub.

 


Vaqif Nağıyevin toy şəkli


Azərbaycanın məşhur müğənnisi Namiq Qaraçuxurlu oktyabr ayında subaylığın daşını atıb. Onun toyu digərlərindən fərqlənib. Meyxanaçı dəbdəbəli və bahalı toyu ilə yadda qaldı. Onun toyu dini adət-ənənələrlə keçib. 

 


Namiq Qaraçuxurlu - müğənni 

İlin sonu Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzun qız nəvəsi Ayanın toyu olub. Toy mərasimində iştirak edənlər arasında həmçinin şou-biznesin bir çox tanınmış müğənniləri də olub. 

 


Ramiz Novruzun qız nəvəsi Ayanın toyu

İlin kədərli hadisələrindən biri dörd il əvvəl ailə quran azərbaycanlı model Günay Musayeva ilə aktyor Tolqa Karelin rəsmi şəkildə boşanması oldu. Onların qalmaqallı şəkildə ayrılması Türkiyə və Azərbaycan mediasında uzun müddət gündəmdə qaldı. Günay və Tolqa cütlüyü 2011-ci ildə ailə həyatı qurub. Cütlüyün Cahangir adlı bir oğlu var.

 


Günay Müsayeva və Tolqa Karel 


İlin ən məyusedici xəbəri Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva ilə Rusiyada yaşayan azərbaycanlı müğənni, iş adamı Emin Ağalarovun ayrılması olub. Onlar sosial şəbəkədə ayrıldıqlarını bildiriblər. 

 


Emin Ağalarov və Leyla Əliyeva 


Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsində təmsilçisi Elnur Hüseynov Avstriyanın paytaxtı Vyanada keçirilən “Eurovision 2015” mahnı müsabiqəsinin final mərhələsində iyirmi dördüncü nömrə altında uğurla çıxış edib. Yekunda o,12-ci olub. 

 


Elnur Hüseynov 

İlin maraqlı hadisələrindən biri ABŞ-da ən çox baxılan şoulardan biri olan "America's Got Talent" layihəsində həmyerlimizin çıxış etməsi oldu. Las-Veqas sakini 39 yaşlı Üzeyir Novruzov Çarli Çaplinin fanatı olduğunu bildirib və müxtəlif sirk trüklərini yerinə yetirərək çox maraqlı şou göstərib. Öz bacarığı ilə münsiflər heyətini heyran edən Üzeyir onlar tərəfindən bəyənilib və növbəti mərhələyə çıxaraq finala kimi irəliləyib. 

 


Üzeyir Novruzov (Çarli Çaplin)


Bu ilin yadda qalan məqamlarından biri isə müğənni Elza Seyidcahanın Parlament seçkilərinə öz namizədliyini verməsi olub. İfaçı namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürsə də, uğurlu nəticə əldə edə bilməyib. Elza Seyidcahan nəticələrdən narazı olsa da, növbəti seçkilərdə də iştirak edəcəyini açıqlayıb.

 


Elza Seyidcahan - müğənni 


İlin ən qalmaqallı hadisəsi xalq artisti İlhamə Quliyeva ilə onun köməkçisi arasında olub. Müğənninin “İl yarımdır evimdən zinət əşyalarımı, geyimlərimi, pulumu oğurlayıb. Məni zəhərləməyə çalışıb, psixotrop maddələr verərək xəstələndirib” ifadələri ölkənin gündəmini zəbt etmişdi. 

 


İlhamə Quliyeva - xalq artisti 


Xalq artisti Aygün Kazımova üçün 2015-ci il xoşagəlməz hadisə ilə yadda qaldı. Belə ki, ifaçının ölkədən çıxışına qadağa qoyulub. Müğənni Natəvan Həbibi Aygün Kazımovanın onun şərəf və ləyaqətini təhqir etməsi iddiası ilə məhkəməyə müraciət edib. Məhkəmənin qərarına görə, xalq artisti müğənniyə erməni milliyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı, işlətdiyi təhqiramiz ifadələri təkzib edib ondan üzr istəməlidir. Xalq artisti yalnız məhkəmə qətnaməsini icra etdikdən sonra qadağa götürülə bilər. 

 


Aygün Kazımova - xalq artisti 

2015-ci ildə yerli şou-biznesə son zərbəni Vergilər Nazirliyi vurdu. Belə ki, Vergilər Nazirliyinin yeni qaydalarında müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə müqavilə bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, studiyada istifadə olunan materialların alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar