İspaniyanın 34 yaşlı idmançısı Briqida Yaqu taekvondo üzrə çox sayda medalları var. Lakin Briqida hələ də yeni-yeni nailliyyətlərə can atır.
Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, bu ispan döyüşçü karyerası boyunca üçqat dünya çempionu olub. O, dünya çempionatlarında ümumilikdə altı medal, dörd Avropa titulu və 2012-ci il London Olimpiya Oyunlarının gümüş medalının sahibidir.
Hər kəs düşünürdü ki, Londonda gümüş medal qazanandan sonra artıq Yaqu karyerasını yekunlaşdıracaq. Lakin taekvondoçu bununla razılaşmadı.
Mayorka əsilli idmançı hələ də tatami üzərindədir. Onun məşqçisi elə öz həyat yoldaşı Xuan Antonio Ramosdur. Yaqu çərşənbə axşamı, 16 iyun tarixində Kristal Zalda 49 kq çəki dərəcəsində yarışır. O, Bakı 2015-də keçiriləcək taekvondo yarışlarında çıxış edəcək 127 iştirakçının yaşca ən böyüyüdür.
Yaqu Avropa Oyunlarını özünün ən böyük arzusuna - Rio 2016-ya qızıl medala doğru gedən yolda keçilməsi vacib növbəti mərhələ hesab edir.
.
"Biz Olimpiya medalını evimizdən asanda, evimizin tamamlandığını hiss etdik, çünki bu bizim o vaxta qədər əldə edə bilmədiyimiz yeganə nailiyyət idi. İndi biz onun ən yüksək əyarını - qızılı istəyirik", - deyə Briqida bildirib.
İlk Avropa mükafatını 1998-ci ildə qazanan Yaqu üçün Rio 2016 karyerasının sonu olmaya bilər: "Mənim bədənim "dayan" deyənədək, mən bu idmanla məşğul olacağam".
O, davamlı olaraq əldə etdiyi müvəffəqiyyətinə görə həyat yoldaşına borclu olduğunu etiraf edir: "İdman karyerasının son illərində məşqçinin eyni zamanda həyat yoldaşın olması, çox gözəl bir haldır. Ona minnətdaram. Mən hələ də bu idmanda əsas rəqiblərdən sayılıram," - deyə Yaqu bildirib.