FİFA-dakı rüşvət qalmaqalı diqqəti yenidən dünyada korrupsiya probleminə yönəldib.Məlumata görə, risklərin təhlil edilməsi sahəsində ixtisaslaşan beynəlxalq "Verisk Maplecroft" təşkilatı bunu nəzərə alaraq korrupsiyaya meylli ölkələrin siyahısını hazırlayıb.
Təşkilat siyahını 2012-ci ilin avqustundan 2014-cü ilin avqustuna qədər olan dövrdə dünyanın 198 ölkəsinin iqtisadiyyatını araşdırma apararaq tərtib edib. Araşdrımalar "Transparency International", "Freedom House" və ABŞ Dövlət Departamentinin hesabatları əsasında aparılıb. Təşkilat təhlillər zamanı xüsusilə beş amilə diqqət edib:
1. korrupsiyanın tezliyi;
2. korrupsiyanın davamlılığı;
3. korrupsiyanın əhatəliliyi;
4. korrupsiyanın ağırlığı;
5. rüşvətxorların cəzalandırılmaması.
"Verisk Maplecroft"un analitikləri bu amilləri 10 ballıq şkala ilə qiymətləndiriblər. Burada "0" korrupsiya riskinin ən yüksək həddi, "10" isə ən aşağı həddi kimi müəyyən edilib.
Məlum olub ki, korrupsiyadan ən çox əziyyət çəkən ölkələr Afrikada Sahara səhrasının cənubunda yerləşən və Yaxın Şərq ölkələridir. Belə ki, ən yüksək korrupsiya səviyyəsinin müəyyən edildiyi ölkələrin 45 faizi məhz Afrikada - Saharadan cənubda yerləşir.
Bundan başqa, araşdırmalar neft, qaz və dağ-mədən sənayesi müəssisələrində də rüşvət hallarının geniş yayıldığını göstərib. Buna görə siyahının aşağı yerlərində bir neçə Yaxın Şərq ölkələri və Rusiya qərarlaşıb.
"Verisk Maplecroft" hesabatında 198 ölkədən 73-də korrupsiya riskinin son həddə, 64-də yüksək, 38-də orta, 23-də aşağı həddə olduğunu bildirib. Siyahıda adları qeyd edilən bəzi ölkələri təqdim edirik.
Cənubi Sudan. Əl-Cəzirə televiziyasının bu ölkə haqqında hazırladığı film - "Cənubi Sudan: arzular ölkəsi" dünyanın ən gənc ölkəsinin vətəndaş müharibəsinə sürüklənməsi haqqındadır. Bildirilir ki, ölkədə neft ehtiyatının kifayət qədər olmasına baxmayaraq, ölkə korrupsiyadan əziyyət çəkir. "Müstəqillik əldə edəndən cəmi 3 il sonra ölkə vətəndaş müharibəsi girdabına boğulub. Nəticədə minlərlə insan ölüb, təxminən 2 milyon əhali isə ölkədən qaçmağa məcbur olub."
Salva Kiir - Cənubi Sudan perzidenti
Şimal qonşumuz Rusiya 2018-ci il futbol üzrə Dünya Çempionatını ölkədə keçirmək üçün FİFA-ya rüşvət verməkdə ittiham edilir. Bundan başqa, ölkə hakimiyyətinin bəzi tikinti şirkətləri ilə gizli əlaqələrinin olduğu bildirilir. Məhz həmin şirkətlər 2014-cü ildə Soçidə Qış Olimpiya Oyunlarına hazırlıqla məşğul idi.
Vladimir Putin - Rusiya Federasiyasının prezidenti
Korrupsiyanın geniş yayıldığı ölkələrdən biri də Əfqanıstandır. Bu ilin əvvəlində "Fiscal Times" Əfqanıstanın daxili gəliri azaldığı üçün 2016-cı il üçün nəzərdə tutulan büdcə öhdəliklərini yerinə yetirə bilməyəcəyini yazmışdı. Səbəbi isə oğurluq olub. Məlum olub ki, ölkənin daxili gəlirinin 1/3-ni təşkil edən gömrük gəlirinin yarısı oğurlanıb. Həmçinin qeyd edilib ki, Əfqanıstan dünyada ən aşağı vergi yığımı səviyyəsi olan ölkədir.
Əşrəf Qani Əhmədzadə - Əfqanıstan prezidenti
Siyahıda Cənub-şərqi Asiya ölkəsi olan Myanmanın da adı var. Hesabatda Myanma iqtisadiyyatının dünyanın ən zəif inkişaf etmiş iqtisadiyyatlarından biri olduğu qeyd edilir. Bildirilir ki, ölkə onilliklər davam edən durğunluqdan, qeyri-effektiv idarəçilikdən və təcrid edilmədən əziyyət çəkir. Sənayenin əsas sahələri çoxdan hərbçilərin əlinə keçib. Ölkədə korrupsiya çiçəklənir.
Teyn Seyn - Myanma prezidenti
İraq da rüşvətin geniş yayıldığı ölkələr içərisindədir. "Al-Monitor" internet-jurnal bir iraqlıdan bu haqda müsahibə götürmüşdü. İraqlı ABŞ-la müharibədən sonra ölkədə korrupsiyanın geniş yayıldğını deyib. "Korupsiya tək maliyyə sahəsinə deyil, inzibati və hüquq-mühafizə orqanlarına da nüfuz edib. Məmurlar zahiri rəsmiyyət xatirinə öz qohumlarının və dostlarının adına şirkətlər, xüsusilə tikinti şirkətləri sənədləşdirirlər. Daha sonra həmin şirkətlərin məktəblərin təmir edilməsi kimi müxtəlif layihələr almasına kömək edirlər. Bu yolla da pulları qeyri-qanuni mənimsəyirlər", - deyə həmin iraqlı bildirib.
Fuad Məsum - İraq prezidenti
Ekvatorial Qvineya da korrupsiyanın yayıldığı ölkələr siyahısındadır. "Human Rights Watch" 2014-cü il hesabatında bildirib ki, böyük həcmdə neft gəlirləri ölkə prezidentini əhatə edən bir qrup insanın dəbdəbəli həyatına xərclənir. Hərçənd ki, ölkə əhalisinin böyük bir hissəsi səfalət içərisində yaşayır. Ölkədə əsassız və gizli həbslərin, ədalətsiz məhkəmə proseslərinin də geniş yayıldığı bildirilir.
Nqema Mbasoqo Teodoro Obianq - Ekvatoral Qvineyanın prezidenti
Somalidə xüsusilə bank sisteminin korrupsiyanın əlində bir vasitəyə çevrildiyi bildirilir. BMT 2013-cü il hesabatında yazır: "Somali Mərkəzi Bankı əslində rüşvət götürülməsi üçün şəxsi fonda çevrilib. Bankdan müxtəlif adlarla və yollarla verilən vəsaitin 80 faizi dövlət proqramlarına deyil, şəxsi ehtiyaclara xərclənir. Bundan başqa, bankdan keçən vəsaitin böyük bir hissəsini izləmək mümkün olmur."
Həsən Şeyx Mahmud - Somali prezidenti
"Financial Times"ın aprel hesabatında Liviya neftinin hakim vəzifələr üçün bir vasitə olduğu bildirilir. Jurnal ölkənin nəhəng neft ehtiyatına nəzarət edən şəxsləri qeyri-səmərəli iqtisadi idarəçilikdə ittiham edir. Eyni zamanda onlar hakimiyyətdə əsas vəzifələrə adamlar təyin etməkdə də günahlandırılıblar.
Liviya hərbçisi
Konqo Demokratik Respublikasında korrupsiya o qədər geniş yayılıb və dərinə nüfuz edib ki, "Transparency International" 2014-cü il hesabatında bu ölkədə vəziyyətin düzəlməsinə ümidin olmadığını qeyd edib. Hesabatda bildirilir: "Prezident Kabila dəfələrlə korrupsiya ilə mübarizəyə sadiq qaldığını desə də, heç vaxt bunun üçün siyasi iradə nümayiş etdirməyib. Onun gördüyü tək iş bu haqda qanunlar verməsi olub. Lakin bu qanunlar da çox nadir hallarda reallıqda tətbiq edilib."
Jozef Kabila - Konqo Demokratik Respublikasının prezidenti
Adı siyahıda olmasa da, Azərbaycanda da korrupsiya dövlətin inkişafına mane olan əsas problemlərdən biridir. Doğrudur, ölkədə buna qarşı mübarizə aparılır. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunub, korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar fəaliyyətə başlayıb. İlham Əliyev də öz çıxışlarında dəfələrlə bu məsələyə toxunub. Prezident 2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak edib. O, 2014-cü ildə Nazirlər Kabinetinin müşavirəsində çıxış edərək "ASAN xidmət"in bu sahədə xüsusi əhəmiyyətinin olduğunu, lakin bunun kifayət etmədiyini qeyd edib. "Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır", - deyən prezident korrupsiyaya qarşı daim mübarizə aparılacağını bildirib.
İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında
İlham Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsinin kollektivi ilə/anspress/