Nəqliyyat Nazirliyi əməkdaşlarının iştirak etdiyi daha bir qalmaqallı videogörüntü yayılıb.
Qazeta.infon bildirir ki, əldə olunan videogörüntüdə sürücülərlə nəqliyyat müfəttişləri arasında mübahisənin yarandığı və qəzəblənən sürücülərdən birinin nazirlik işçilərinə daş atdığı da görünür.
Hadisənin baş vermə səbəbi haqda tam məlumat əldə edə bilməsək də görüntülərdə danışan şəxslərin fikirlərindən məlum olur ki, sürücü nəqliyyat nazirliyinin işçilərinin əməllərindən bezərək onlara etiraz edir və hətta intihar etməyə də cəhd göstərib.
Görüntülərdə nəqliyyat müfəttişlərinin oturduğu kafeyə gələn sürücünün onlara qəzəbini ifadə etdiyi və onlara daş atdığı görünür.
50 AA 512 və 23 AA 066 dövlət nömrə nişanlı avtomobillərlə hadisə yerində olan nqəliyyat müfəttişləri sürücünün qəzəbindən qaçmaq üçün 36 BB 580 dövlət nömrə nişanlı avtomobilə minərək oradan uzaqlaşmağa çalışırlar. Lakin digər sürücülər də məsələyə müdaxilə edərək nəqliyyat müfəttişlərinin getməsinə icazə vermirlər.
Sürücülərin “bu xalqdan nə istəyirsiniz?”, “niyə məcbur edirsiniz ki, bu adam özünü yandırsın?, “bu sürücü sizinlə niyə “prinsipə” düşüb?” sualları qarşısında nəqliyyat işçiləri sadəcə susublar.
Hadisənin baş vermə səbəbi haqda ətraflı məlumat əldə etməyə və Nəqliyyat Nazirliyinin də məsələyə münasibətini öyrənməyə çalışacağıq. Hadisənin Quba rayonunda baş verdiyi bildirilir.
Xatırladaq ki, istər sosial şəbəkələrdə istərsə də mətbuatda Nəqliyyat Nazirliyinin əməkdaşlarının sürücülərə qarşı özbaşınalığını, onlara qarşı zor tətbiq etmələrini əks etdirən videogörüntülər, məlumatlar dəfələrlə yayılıb. Bu özbaşınalıq sürücülərin haqlı və ya haqsız olmasından asılı olmayaraq tez-tez müşahidə olunur.
Hətta bir neçə gün əvvəl Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov belə bir açıqlama vermişdi: “Bəzi sürücüləri döyürsən də, söyürsən də, xeyri yoxdur…”/Musavat.com/