Dünyanın ən populyar, zəngin və məşhur bodibilderi sayılan Riç Piana dünən evində arvadına kəskin ağrılardan şikayətlənəndən sonra huşunu itirib və yıxılıb. O, reanimobil ilə hospitala aparılıb.
TMZ-yə istinadən bildirilir ki, ABŞ-ın Florida ştatında yaşayan Riç Piananın ilkin müayinəsinin nəticələrinə görə, o, həddən ziyadə steroidlərdən istifadə etdiyi üçün koma vəziyyətinə düşüb.
Bodibildinq ulduzunun qeyri-rəsmi nikahda olduğu xanımı Şanel Censenin dediyinə görə, əri ağır vəziyyətdədir.
"Riç hələ də koma vəziyyətindədir. Mən və onun qohumları sizdən, sadəcə, pozitiv fikirlər, sevgi və dualarınızı istəyirik", - Şanel Censen İnstagram-dakı profilində yazıb.
Həkimlər isə Piananın süni, induksiyalaşdırılmış komaya salındığını söyləyiblər.
Riç Piana YouTube-dakı kanalında paylaşdığı videolardan birində demişdi: "Artıq 27 ildir ki, anabolik preparatlar və steroidlər qəbul edirəm".
O, hər videosunda pərəstişkarlarına, xüsusilə də gənc bodibilderlərə ən müxtəlif stereoidləri qəbul etməyi məsləhət görürdü.
Eyni zamanda o, yaratdığı və rəhbərlik etdiyi şirkətin istehsalı olan "5% Nutrition" markalı steroidləri, geynerləri, kazeinləri, proteinləri, vitamin-mineral kompleksləri də aktiv reklam edirdi.
Riç Piana bodibildinq karyerasında uğurlar qazanmaq, mümkün qədər relyefli əzələlərə malik olmaq üçün anabolik steroidlərə hər ay minlərlə dollar xərclədiyini də etiraf etmişdi.
"Əgər siz, sadəcə, məşq etmək istəyirsinizsə, davam edin. Yox əgər bodibildinqdə cüzi də olsa, uğur qazanmaq fikriniz varsa, stereoidlərdən istifadə etməyiniz qaçılmazdır. Mən steroidlər qəbul etməsəydim, səhnəni çox tez tərk etməli olardım", - 46 yaşlı Riç Piana söyləmişdi.
Riç Piana 2016-cı ilin noyabrında arvadı Sara Heymislə boşanıb./Milli.az/