Dünyada ən çox silah alan ölkələrin adları açıqlanıb.
Məlumata görə, Beynəlxalq İqtisadiyyat Araşdırma Mərkəzinin (İHS) hesabatına görə, Səudiyyə Ərəbistanı 2014-cü ildə 6,5 milyard dollarlıq silah idxal edib. Bu göstərici ilə Səudiyyə Ərəbistanı 2013-cü ildə birinci olan Hindistanı geridə qoyaraq dünyanın ən böyük silah alıcısı olub.
Hesbatda deyilir ki, İranın Yaxın Şərqdə artan nüfuzundan narahat olan Səudiyyə Ərəbistanı, 2014-cü ildə silah idxalı üçün ayırdığı büdcəni əvvəlki illə nisbətdə 54 faiz artırıb.
Hindistan isə silah idxalına 5,8 milyard dollar xərcləyib.
İHS-in proqnozlarına görə, Səudiyyə Ərəbistanı 2015-ci ildə də silah idxalını 52 faiz artırmaq üçün 9.8 milyard dollar xərcləmək niyyətindədir.
Mütəxəssislər bu səviyyədə silahlanmanın indiyə kimi olmadığını və Yaxın Şərq üçün çox təhlükəli olduğunu bildiriblər. Hesabatda deyilir ki, ABŞ 2013-cü ildə Yaxın Şərq ölkələrinə 6 milyard dollar silah satdığı halda, 2014-cü ildə bu göstərici 8,4 milyard dollar olub.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 2014-cü ildə silah idxalına xərclədiyi məbləğ (8,7 milyard dollar) bütün Qərbi Avropa ölkələrinin silah idxalına xərclədiyi vəsaitdən çox olub. Politoloqlar Yaxın Şərq ölkələrinin silahlanmaya böyük pullar xərcləməsinin bölgədə məzhəbçiliyi daha da gücləndirəcəyini bildiriblər.
Hesabatda deyilir ki, beynəlxalq silah ticarəti 2013-cü ildə 56 milyard dollar olduğu halda, 2014-cü ildə bu göstərici 64.4 milyard dollara çatıb. ABŞ silah ixracatında yenə də liderlik edir. 2014-cü ildə ABŞ silah satışını 19 faiz artıraraq 23,7 milyard dollara çatdırıb. Rusiya isə silah ixracatını 9 faiz artıraraq 10 milyard dollara çatdırıb və ikinci pillədədir. İngiltərə, Almaniya, İtaliya, İsrail, Çin, İspaniya və Kanada dünyanın ən çox silah ixracatı edən 10 ölkənin arasında yer alıb.
Ən çox silah idxal edən ölkələr siyahısında Səudiyyə Ərəbistanı və Hindistandan sonrakı yerləri Çin, BƏƏ, Tayvan, Avstraliya, Cənubi Koreya, İndoneziya və Türkiyə tutur./anspress/