Myanmada müsəlmanların soyqırımı davam edir... - Video
04.09.2017 1112 0.0 0

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Myanma İttifaqı Respublikasının Arakan ştatında ordu və buddist millətçilərin hücumlarından qaçaraq Banqladeşə çatan müsəlmanların sayının 73 minə yüksəldiyini bildirib.

 
Xarici KİV-ə istinadən xəbər verilir ki, Myanma ordusunun Arakan ştatında yaşayan dinc əhaliyə silahlı hücumları 25 avqustdan başlayıb. Ötən müddət ərzində çox sayda Arakan müsəlmanı həyatını itirdi. Hücumlarda 60-dan çox kənd hədəf alınıb və bu kəndlərdən əksəriyəti yandırılıb.

 
Bölgədən qaçmağa çalışan on minlərlə arakanlı müsəlman quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə çalışır.

 
Myanma hökumətinin beynəlxalq təşkilatlara bölgəyə giriş icazəsi verməməsi səbəbindən ölü sayı müəyyən olunmur. Arakanlı qeyri-hökumət təşkilatları, həyatını itirən vətəndaşların sayının mini keçdiyini bildirərkən bəziləri rəqəmin minlərlə olduğunu iddia edir.

Britaniyanın "The Independent" qəzeti yazır ki, şahidlərin dediyinə görə Myanmadakı rohinca müsəlmanlarının körpə uşaqlarının "başları kəsilir" və onlar "diri-diri yandırılır".

Bu ölkədən alınan son xəbərlərdə deyilir ki, Myanmanın silahlı qüvvələri və yarımhərbiləşdirilmiş birlikləri müsəlman azlığın yaşadığı ştatda soyqırımı törədir.

Müşahidəçilər qaçqınların sayının artacağını proqnozlaşdırırlar. 

Myanma hökuməti Arakan ştatında müsəlman partizan dəstələrinin fəaliyyətininə qarşı əməliyyatları ümumi rohinca xalqına yönəldərək dinc insanlara da divan tutur.

Faktiki olaraq müsəlman əhaliyə qarşı etnik təmizləmə həyata keçirilir.

Qeyd edək ki, Myanmada 1 milyonadək müsəlman rohinca yaşayır, lakin bu xalq illərdir ki, onları vətəndaş kimi tanımayan hakimiyyət tərəfindən incidilir.

Bundan başqa rohincalar ölkənin əsas dini icması olan buddistlər tərəfindən diskriminasiyaya məruz qalırlar.

Yeri gəlmişkən, sentyabrın 3-də Rusiya paytaxtı Moskvada yaşayan müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Bir neçə min müsəlman səfirliyin qarşısına toplaşaraq soyqırımına son qoyulmasını tələb edib. 

Müsəlmanlar etiraz əlaməti olaraq səfirliyin qarşısında namaz qılıblar./Modern.az/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar