Musiqili Teatr yeni mövsümü “Ər və arvad” tamaşası ilə açacaq
08.09.2017 907 0.0 0

Azərbaycan Dövlət Musiqili Teatrı 108-ci mövsümü dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə açacaq.

Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, yeni mövsümün açılışı sentyabrın 16-da saat 19.00-da keçiriləcək.

Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, teatrda hər yeni mövsüm dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli komediyası ilə açılır: "Bu, artıq ənənə halını alıb. Bunun da xüsusi səbəbləri var. Bildiyiniz kimi Musiqili Teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub. Eyni zamanda ölkəmizdə hər il teatr mövsümünün açılışı dahi Üzeyir Hacıbəylinin doğum günü ərəfəsində baş tutur. Xüsusi vurğulamaq istərdim ki, “Ər və arvad” teatrımızın repertuarındakı ən uğurlu və tamaşaçılar tərəfindən böyük sevgi və maraqla qarşılanan səhnə əsərlərindən biridir".

Onun sözlərinə görə, məhz bu tamaşayla Musiqili Teatr Azərbaycanı xaricdə də uğurla təmsil edib: "Buna misal olaraq ötən mövsüm İranda keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalını qeyd edə bilərəm. Dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı bu nüfuzlu festivalda “Ər və arvad” komediyasını təqdim etdik və üç nominasiya üzrə qalib olduq. Həmçinin İran İslam Respublikasında keçirilən Azərbaycan Mədəniyyət Günlərində də yeganə teatr kollektivi kimi “Ər və arvad” tamaşası ilə iştirak etdik. Yenə də tamaşamız çox böyük maraq və coşquyla qarşılandı”.

Qeyd edək ki, tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa edəcəklər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar