Əsrlərdir ki, dəyişməyən və belə desək dəbdən düşməyən tək geyim kəfəndir. Hər nə qədər qəribə səslənsə də bu, reallıqdır. Müsəlman ölkələrində insanları məhz bu geyim növü ilə dəfn edirlər.
Bəs illərdir ki, şüuurlu və ya şüursuz şəkildə əməl etdiyimiz bu qaydanın mənası nədir? Niyə məhz kəfən, ağ parça?
Qazeta.info bildirir ki, bu barədə sualları ilahiyyatçı, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Modern.az-a açıqlamasında cavablandırıb.
O bildirib ki, bütün islam ölkələrində kəfənləmə prosesi var.
“Elə müsəlman ölkəsi ola bilməz ki, orada ölən şəxsi kostyum və ya başqa geyimlə dəfn edələr. Bəs niyə kəfən? Çünki kəfən ağdır, heç bir ləkə götürmür. Əgər üzərinə ləkə düşərsə həmin dəqiqə bilinir. Dəfn olunmamışdan qabaq insan qüsullanır və ağ kəfənə bürünür. Bu, ondan ötrüdür ki, insan Allahın hüzuruna ağ, təmiz getsin. Bəzi hədislərdə də qeyd olunur ki, qiyamət günü əməllər kitabçası insanın kəfənində yazılır. Yəni bu bir simvolik olan adətdir”.
İlahiyyatçı deyir ki, bütün ilahi dinlərdə kəfən anlayışı var, sadəcə bəzi insanlar dinləri təhrif edir.
“Zamanla Tövrat, İncil alimlər tərəfindən başqa cür təhrif olunub. Lakin onların hər birində kəfən barədə məlumat olub. Yəni hər iki dinin nümayəndələri ölərkən kəfənlə dəfn olunmalıdır. Lakin zamanla artıq onlar müasir geyimləri ilə ölüləri dəfn edirlər. Lakin bu, düzgün hal deyil. Çünki o geyimlərin hər biri bu dünyaya aiddir. Axirətlə o cür geyimlərin heç bir əlaqəsi yoxdur. Baxın, bütün müsəlman ölkələrində gündəlik olaraq geyinilən geyimlər fərqlidir.
Ərəbistanda bir cür, Azərbaycanda bir cür, İndoneziyada bir cür. Lakin fikir versəniz, dinindən asılı olmayaraq Məkkəyə ziyarətə gedərkən hər kəs ağ rəngdə geyinir. Yəni bu, o deməkdir ki, insanlar arasında bərabərlik statusu qorunur. Məsələn, ramazanda insanlar oruc tutur, varlı ilə kasıb arasındakı fərq bilinmir. Kəfən də belədir. Qiyməti 3-5 manat olan parça ilə hamı bərabər şəkildə o dünyaya yola düşür”.