Bakı Şəhər Həlqəsi (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşallar Klubu əməkdar artisti Murad Dadaşovu “Formula-1” Avropa Qran-Prisində marşalların ulduz elçisi elan edib.
APA TV-nin xəbərinə görə, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib.
BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və “Formula-1” Avropa Qran-Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib. O, Murad Dadaşovun Bakı Marşallar Klubunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Yeniyetmə illərindən “Formula-1” yarışlarını həvəslə izlədiyini deyən Murad Dadaşov bildirib ki, marşalların ulduz elçisi olmaq şərəfli missiyadır.
Təqdimatdan sonra Murad Dadaşov trek marşalları üçün təşkil edilən təlim prosesi ilə yaxından tanış olub.
Bəhreyn Moto-İdman Federasiyasının peşəkar nümayəndələri tərəfindən keçirilən təlimlərdə 350-dən çox marşalın iştirakı nəzərdə tutulub.