Almaniyanın Münhen məhkəməsi azərbaycanlı mühacir Azər Kazımzadə ilə bağlı qərarını açıqlayıb.
Qazeta.info “Report” -a istinadla xəbər verir ki, Münhen federal idarə məhkəməsi onun barəsində olan həbs qətimkan tədbiri ilə bağlı qərarı qüvvədə saxlayıb.
Məhkəmə bunu onunla əsaslandırıb ki, avqustun 20-də Deggendorf şəhərində azərbaycanlıların da iştirakı ilə baş verən kütləvi davanın istintaqı hələ davam edir.
Deggendorf Kriminal Polisində hal şahidlərinin dindirilməsi zamanı qaçqın kampının mühafizə xidmətində çalışan şəxslər Azərbaycan vətəndaşı Azər Kazımzadə əleyhinə ifadə veriblər.
Eyni zamanda, məhkəmədə ifadə verən polis əməkdaşları videogörüntüləri təqdim edərək azərbaycanlı mühacirin hadisədə aktiv və qızışdırıcı hərəkətlərinə diqqət çəkiblər.
A.Kazımzadənin vəkili məhkəmə prosesində çıxış edərək bildirib ki, o, sadəcə tərəfləri sakitləşdirməyə cəhd edib. Vəkil qeyd edib ki, A.Kazımzadənin məqsədi azərbaycanlıları təhqir edərək onların milli hissləri ilə oynayan şəxslərlə dava edən həmvətənlərini qorumaq olub.
Deggendorf şəhər Prokurorluğunun ittihamında isə ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktları yer alıb.
Qeyd edək ki, Almaniyanın Deggendorf şəhərindəki qaçqın kampında baş verən kütləvi davaya görə ümumilikdə 6 nəfər həbs edilib. Onlardan üçü Azərbaycan vətəndaşlarıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.