Müdafiə Nazirliyi: «Psixoloji müharibəyə hazır olun»
26.12.2015 604 0.0 0

 

Bu gün Müdafiə Nazirliyində akkreditə olunan jurnalistlərə akkreditə vəsiqələri təqdim olunub.

Müdafiə Nazirliyindən  verilən məlumatına görə, tədbirdə Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib. General-leytenant akkreditə olunmuş KİV nümayəndələrinə kartları təqdim edib. 

Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinin yeni inzibati binasında keçirilən tədbirdə çıxış edən nazir müavini, general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada və Silahlı Qüvvələrlə çalışacaq jurnalistlərin akkreditə olunması barədə müvafiq qərarın 2014-cü ilin sonlarında qəbul edildiyini, vəsiqələr verilən jurnalist və yaradıcı heyətin müvafiq prosedurlardan keçdiyini bildirib.

Azərbaycan Silahlı Qüvvələrində son illər həyata keçirilən tədbirlər, cəbhə xəttindəki vəziyyət barədə danışan nazir müavini bu istiqamətdə nailiyyətlərin əldə edildiyini, qarşı tərəfin cəbhədə çox sayda itkilər verdiyini deyib. Nazir müavini müasir dövrdə fiziki müharibələrlə yanaşı psixoloji müharibələrə böyük önəm verildiyini, sonuncunun aparılmasında KİV-lərin mühüm rol oynadığına diqqət yönəldib: “Bu gün bizim psixoloji müharibədə jurnalistlərin üzərinə böyük vəzifə düşür. Ona görə də hamımız bir olmalıyıq”.

K. Vəliyev Müdafiə Nazirliyi ilə çalışacaq KİV nümayəndələrinə öz tövsiyyələrini verib, jurnalistlərin fikirlərini və təkliflərini dinləyib. Nazir müavini KİV ilə əlaqələrin gücləndirilməsi, operativliyin artırılması və qarşıya çıxan problemlərin həlli istiqamətində tapşırıqlarını verib.

Akkreditə olunma "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2014-cü il tarixli 742 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 avqust 2015-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"na əsasən həyata keçirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar