Müdafiə naziri yeni yaşayış binalarının açılışında olub
19.11.2015 687 0.0 0


Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, İlin sonunadək beş və yaxın müddətdə daha beş yaşayış binası hərbi qulluqçuların istifadəsinə veriləcəkdir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Hərbi Hava Qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların mənzil və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən, növbəti aviabazada yeni inşa edilən iki yaşayış binasının noyabrın 19-da açılış mərasimi keçirilib.
Ümumilikdə üçotaqlı 100 mənzildən ibarət beşmərtəbəli binalar kommunikasiya xətləri ilə təchiz olunaraq mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Ərazidə yarımstansiya, su anbarı tikilib. Binaların ətrafı asfaltlanıb və kanalizasiya sistemi quraşdırılıb. Yaşayış kompleksinin ərazisində yaşıllaşdırma və abadlıq işləri görülüb, hərbi qulluqçuların ailə üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.
Xidməti mənzillərin açarlarının təqdimetmə mərasimində uçuş və texniki heyət, eləcə də onların ailə üzvləri ilə görüşən Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbərliyi adından tədbir iştirakçılarını təbrik edərək deyib: “Möhtərəm cənab Prezidentin tapşırığını yerinə yetirərək aviabazada yeni binaların tikilərək sizin istifadənizə verilməsi ailələrinizin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bir hissəsi və ümumilikdə Silahlı Qüvvələrdə hərbi qulluqçuların və onların ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində icra olunan kompleks tədbirlərin davamıdır.
Ali Baş Komandanın diqqət və qayğısının, orduya verilən qiymətin təzahürüdür ki, qısa bir müddətdə inşa edilən yüz xidməti mənzilin açarları istifadənizə verilir.
Son iki ay ərzində artıq beşinci binadır ki, inşa edilərək istismara verilir. O cümlədən elə sizin də hərbi hissədə daha bir beşmərtəbəli binanın tikintisinin sona çatdırılması nəzərdə tutulur. Yeni ilədək 500-dən artıq ailəli hərbi qulluqçular isti, geniş, təmirli və tam təchiz olunmuş mənzillərdə yerləşdiriləcəklər. Bundan əlavə, hazırkı vaxta kimi 1000-dək subay hərbi qulluqçu xidməti mənzillərlə təmin olunub.
Yaxın aylarda daha beş bina inşa ediləcək və ailəli hərbi qulluqçuların istifadəsinə veriləcəkdir. Yaxın vaxtlarda Gəncə şəhərində 490 hərbi qulluqçu daimi mənzillə təmin olunacaqdır. Bu işlər planlı surətdə davam etdirilir.
Digər istiqamətlərdə də fəaliyyətlərimiz genişləndirilir. Müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri və avadanlıq alınaraq silahlanmaya daxil edilir, hərbi şəhərciklərin ərazilərində hazırkı tələblərə cavab verən yeni infrastruktur yaradılır. Görülən kompleks tədbirlər, hərbi sahəyə ayrılan maliyyə vəsaiti dövlətimiz, xalqımız və ölkə başçısının Silahlı Qüvvələrə göstərdiyi qayğının bariz nümunəsidir.
Qısa dövr ərzində ordumuz düşmənə zərbələr vuraraq əsas istiqamətlərdə onu sarsıdıb. Haqq işimizi davam etdirəcəyik. Ərazilərimizin işğaldan azad edilməsində digər qoşun növləri ilə bərabər aparıcı qüvvə heç şübhəsiz ki, həm də Hərbi Hava Qüvvələridir. Bu vəzifənin yerinə yetirilməsi bizim üzərimizə düşür. Əminəm ki, Azərbaycan əsgəri silahı gücünə xalqımızın və Prezidentin etimadını doğruldacaqdır.
Bir daha Sizi ürəkdən təbrik edir, yeni mənzillərinizdə xoşbəxtlik və firavanlıq arzulayıram”.
Mərasim iştirakçıları yaradılan şəraitdən məmnunluqlarını bildirərək göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq ediblər.
Yeni mənzillərin açarları hərbi qulluqçulara təqdim edildikdən sonra Müdafiə naziri general-polkovnik Z.Həsənov və nazirliyin rəhbər heyəti yaradılan şəraitlə tanış olub, ailələrin qayğıları ilə maraqlanıb və çay süfrəsi ətrafında söhbət ediblər.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar