Qazeta.info bildirir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.
Fevralın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişatını yoxlayıblar.
Nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdən birinin ərzisində qısa müddətdə yeni tikilərək istifadəyə verilən müasir tipli qazanxana və geniş sıra meydanı ilə tanış olublar. Burada inşası davam etdirilən yeməkxana, əsgər yataqxanası və başqa inzibati obyektlərdə də işlərin tez bir zamanda sona çatdırılması gözlənilir.
Yeni salınan digər hərbi şəhərciyə baş çəkən Müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş, həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi də inşa edilir.
Bu hərbi şəhərciklərdə işlərin 2015-ci ilin yay ayları ərzində başa çatdırılması planlaşdırılır.