Müdafiə naziri Türkiyəyə gedir
02.05.2015 636 0.0 0

Mayın 3-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə yola düşəcəkdir.
Səfər çərçivəsində, mayın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcəkdir. 

 

Qazeta.info Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşün məqsədi üç ölkənin dövlət başçılarının təşəbbüslərini əsas tutaraq hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional təhlükəsizlik məsələlərinin müzakirə edilməsi, o cümlədən bölgədə sabitliyin və təhlükəsizliyin, enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Silahlı Qüvvələrin qarşısında duran vəzifələrin müəyyənləşdirilməsindən və bu vəzifələrin həyata keçirilməsi üçün praktiki icra mexanizmlərinin təsbit edilməsindən ibarətdir. 
Üç ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşünün yekunlarına dair Protokolun imzalanması nəzərdə tutulub.

 

Bundan başqa bildirək ki, mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbul şəhərində keçiriləcək "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcəkdir. 
Nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaqdır.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar