Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.
Hərbi hissəyə gələn Müdafiə Nazirliyinin rəhbərliyi əvvəlcə burada ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib gül dəstələri qoyaraq dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissədə ərazinin perspektiv tikinti-quruculuq planına baxaraq yeni istifadəyə verilən əsgər yataqxanası, yeməkxana və hamam-camaşırxana kompleksi ilə tanış olub. Ərazidəki yeni obyektlərin hamısı zəruri avadanlıqla təchiz olunub, kommunukasiya xəttləri çəkilib və ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb.
Bildirilib ki, 3 mərtəbəli əsgər yataqxanasında hərbi qulluqçuların məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq və digər otaqlar lazımi avadanlıqlarla tam təchiz olunub. Binanın hər mərtəbəsində məişət guşələri, ideoloji və ayrı-ayrı xidməti otaqlar yerləşir. Bundan əlavə atıcı silahlar trenajorları sinfi, saxlanclar, idman və digər inzibati otaqlar da hazırlanıb.
Yeni istifadəyə verilən hamam-camaşırxana kompleksi də stasionar şəraitdə yerləşən hərbi hissənin şəxsi heyətinin sosial-məişət və sanitar-gigiyenik şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilib.
İki mərtəbəli geniş əsgər yeməkxanası binası da yeni inşa olunaraq yüksək keyfiyyətli qida məhsullarının hazırlanması üçün müasir tipli avadanlıqlarla təmin olunub.
Əraziyə baxış keçirdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissədə çalışan mülki əməkdaşlarla görüşərək söhbət aparıb və hərbi qulluqçularla birlikdə nahar ediblər.