“Ermənistan tərəfinin cəbhədə baş verənlərlə bağlı ötən gün və bu gün yaydığı məlumatlar bir-biri ilə kəskin ziddiyyət təşkil edir”.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, erməni tərəfi ötən gün yaydığı dezinformasiya xarakterli məlumatda guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat qruplarının onların nəzarətində olan əraziyə keçməsinin qarşısını aldıqlarını bildirib: “Bu gün isə yaydıqları məlumatda onlar guya erməni mövqelərinin arxasına keçən Azərbaycan diversiya qruplarının basdırdıqları minaları zərərsizləşdirdiklərini söyləyirlər. Bunlar, göründüyü kimi, bir-birinə zidd məlumatlardır. Bir məlumatda xəbər verirlər ki, Azərbaycan Ordusunun diversiya qruplarının sızmasının qarşısını alıblar, digərində isə bildirirlər ki, bu qruplar ermənilərin arxasına keçərək mina basdırıblar. Erməni tərəfi bu cür informasiyalar yaymaqla ilk növbədə həqiqəti gizlətməyə çalışır. Hərbi baxımdan uğursuz əməliyyatlarını, digər tərəfdən isə öz itkilərini ört basdır etməyə cəhd göstərirlər».
Nazirlikdən onu da deyiblər ki, Azərbaycan Ordusunun ön mövqelərinə basqın etməyə cəhd edən erməni təxribat qrupunun hərbi qulluqçularımızın sayıqlığı nəticəsində əvvəlcədən aşkarlandığından geri çəkilərkən minaya düşdüyü ehtimal olunur: “Ermənilər böyük ehtimalla bu itkilərini də növbəti dəfə öz xalqından gizlətməyə çalışacaqlar”.//APA