Müəllimə məktəb direktorunu rüşvətxorluqda ittiham edib
21.09.2015 665 0.0 0

Bakı şəhəri, M.Şəhriyar adına 193 saylı tam orta məktəbin müəlliməsi məktəb direktorunu rüşvətxorluqda ittiham edib. 
 
APA-nın məlumatına görə, məktəbin müəllimi Almas Nuriyeva bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, məktəbin direktoru Rəhim Hüseynov onu intihar həddinə çatdırıb.
 
Onun sözlərinə görə, R. Hüseynov məktəbə direktor təyin olunduğu gündən məktəb rüşvətxorluq mənbəyinə çevrilib: “Mən 1995-ci ildən 193 saylı tam orta məktəbdə öz ixtisasım üzrə ibtidai sinif müəllimi işləyirəm. Bu il mən I sinif götürməli olduğum halda mənim yerimə Rəhim Hüseynov Arzu İsayevaya sinif verir. Halbuki həmin müəllimə heç vaxt müstəqil bir müəllimə kimi tanınmayıb. 2012-2013-cü illərdə Rəhim müəllim Arzu İsayevaya fəaliyyət göstərməyən, heç bir şagirdi olmayan, yalnız jurnalı olan sinif açıb, həmin sinifə bir neçə müəllimin siniflərindən uşaqların adını yazıb. Lakin uşaqlar öz sinifində əyləşiblər. 2013-2014-cü illərdə Kifayət müəlliməyə həmin formada bir il müddətinə fəaliyyət göstərməyən sinif açıb. Ora isə Amilə, Sona, Yetər müəllimənin sinifindən uşaqların adlarını yazaraq sinif qurub.  Direktor mənə deyir ki, məktəbdə sinif çatmır, yer yoxdur. Amma özü üçün hamam, istirahət otağı hazırlayır”.
 
Nuriyeva hazırlıq aparan bütün müəllimlərin R. Hüseynova hər ay 50 AZN pul ödədiyini bildirib. “Mən I sinif götürərkən Rəhim Hüseynova 600 manat pul verdim. Amma bu il Rəhim müəllim məndən 2000 manat tələb edib. Mən 27 şagird yığmışam. Rəhim Hüseynov uşaqları bir-bir sinifdən uzaqlaşdırıb, sinifdə 17 şagirdim qalıb. Rəhim Hüseynov bir-bir valideynlərin evlərinə zəng vuraraq mənə sinif açmayacağını deyir. 193 saylı tam orta məktəb dövlət məktəbi olduğu halda o, hər zaman “mənim məktəbimdir” deyə bildirir. Məktəb çirkab yuvasına çevrilib, intriqalar baş alıb gedir. Mənim öz sinifim olduğu halda məktəbdən qovulmuşam. Rəhim Hüseynov direktor gələn il məktəbdə 73-75 sinif olub. İndi isə 50 sinif qalıb. Məktəbdə bu il Azərbaycan sektoruna 89 uşaq yığılıb. R. Hüseynov  müəllimləri təhqir edir. Onun sayəsində müəllim kimi fəaliyyət göstərməyənlər sinif yığa bilir. Fəaliyyət göstərən təcrübəli savadlı bir müəllim isə sinif yığa bilmir. Bu necə olur?".
A. Nuriyeva məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini bildirib. 
 
Məktəb direktoru R. Hüseynov isə jurnalistlərə açıqlamasında barəsində deyilənləri rədd edib: "Mənim heç kimlə intriqam yoxdur. Öz işimi qanuna uyğun aparmışam. Valideynlər müəllimləri özləri seçirlər və onlara heç kim təzyiq edə bilməz".

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar