Prezidentin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilərək əvəzində iki qurum yaradıldı.
ANS TV-nin məlumatına görə, prezidentin sərəncamı ilə Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətlərinin yaradılması ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində edilən struktur dəyişikliyi arzuolunan idi.
Kəşfiyyat strukturunun əks kəşfiyyatdan ayrılması, ümumiyyətlə, bu strukturun müstəqil olması dünya praktikasına uyğundur.
Təhlükəsizlik orqanının keçmiş əməkdaşı İlham İsmayılın fikrincə, vacib olan, peşəkar kadrlar yetişdirməklə informasiya əldə etmək və dövlətin təhlükəsizliyilə bağlı tədbir görməkdir. Ən əsası xalqın inamını qaytarmaq üçün çox iş görmək lazımdır:
“Xalqın adi nümayəndəsi də görməlidir ki, bu qurum dövətin təhlükəsizliyilə məşğuldur, yəni tək sahibkar məsələsi deyildi, onlar məmurları da təziq altında saxlayırdılar. Ona görə xalq inanmalıdır”.
Struktur dəyişikliyi ilə idarə və baş idarələr ləğv oluna, həddən artıq şişildilmiş sayda olan kadrlar ixtisar edilə bilər. Son bir neçə ayda nazirliyin 250-dən artıq əməkdaşı işdən azad edilib, bəziləri barəsində cinayət işi başlanıb.
İlham İsmayılın fikrincə, MTN-də son 10 ildə əməkdaşların sayı görünməmiş sayda artırılmışdı:
“Daha peşəkar, daha mobil qüvvələrlə dövlətin təhlükəsizliyini təmin etmək mümkündür. Mən həm sovet, həm də müstəqillik dövründə işləmişəm. Biz Gəncə də daxil olmaqla 12-13 nəfər təhlükəsizliyi qoruyurduq”.
Yeni xidmətlərə təyin olunan şəxslər, o cümlədən adı ictimaiyyətə təbii olaraq yeni görünən Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov sahəsinin peşəkarı hesab olunur.
Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri Milli Təhlükəsizlik Nazirliyinin həm texniki, həm də kadr bazası əsasında yaradılacaq./anspress/