MTN ətrafında sensasiyalı olayların pərdəarxası
20.10.2015 980 0.0 0
Oktyabrın 17-də Azərbaycanın milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovun Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad edilməsi cəmiyyətdə geniş müzakirələrə yol açdı. Yayılan xəbərdə qeyd olunurdu ki, MTN şefi vəzifə səlahiyyətlərini aşaraq ali rəhbərliyə daxil olan şəxslərin telefon danışıqlarının dinlənilməsini həyata keçirib. Eldar Mahmudovla bərabər MTN-in bir qrup generalının saxlanılması səbəbi budur… 
 
Məlumata görə, qeyri-iş günü olmasına baxmayaraq, oktyabrın 17-si axşam saatlarından MTN-in mərkəzi aparatı ilə yanaşı yerli idarə və şöbələrində çalışan bütün əməkdaşları iş yerlərinə çağırılıb və xidməti yerlərini tərk etməmək barədə göstəriş verilib. Əməkdaşlara qoyulan bu qadağanın hələ də davam etdiyi bildirilir. 
 
Gün ərzində mediada yer alan xəbərlərin birində qeyd olunurdu ki,  həbs olunanlar arasında adı yer alan MTN-in Monitorinq Xidmətinin rəisi general mayor Teymur Quliyevin "milyonçular məhəlləsi" kimi tanınan Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib. Əməliyyatda 20-yə yaxın xüsusi təyinatlı iştirak edib. 
 
KİV-də yayılmış digər bir informasiyada isə nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qrupunun MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevlə yanaşı, Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevi, eləcə də daha bir neçə yüksək rütbəli əməkdaşını həbs etməsi qeyd edilir.
Daha sonra internet mediada Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin də saxlanılaraq,  Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı xəbəri yer alıb. 
 
Virtualaz.org saytı yazıb ki, milli təhlükəsizlik nazirinin birinci müavini, general-leytenant Hilal Əsədov ev dustağı edilib. H.Əsədovla yanaşı MTN mərkəzi aparatının rəhbəri Fərhad Vahabov barədə oxşar qərar verilib. 
 
Oktyabrın 18-də isə Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə fövqəladə toplantı keçirməsi barədə rəsmi məlumat yayıldı. Bazar günü olmasına baxmayaraq dövlət başçısının işə çıxması, toplantının Prezident Administrasiyasında Dövlət Təhlükəsizlik Şurasının üzvlərinin iştirakı ilə baş tutması vurğulanır. 
 
Toplantıda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad edilməsinin səbəbləri, Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunduğu qeyd olunub. 
 
"Qanunsuz əməllər..."
 
Adı çəkilən saytın məlumatında qeyd olunur ki, MTN rəhbərliyinə qarşı əməliyyatı Baş Dövlət Xüsusi Mühafizə İdarəsi və Baş Prokurorluq birgə həyata keçirib, ona Korrupsiyaya qarşı mübarizə baş idarəsinin rəis müavini Əli Nağıyev rəhbərlik edib. 
 
"Azərbaycan hakimiyyətinə yaxın mötəbər qaynaqlardan daxil olan məlumatlara görə, hüquq-mühafizə orqanları MTN-in fəaliyyətini bir ilə yaxındır izləyirmiş. Belə ki, məhz MTN ölkədə kiçik və orta biznesin dirçəlməsinə, inkişafına qarşı əsas cəza qılıncına çevrilmişdi. Nazir Eldar Mahmudovun göstərişi, nazirliyin Antiterror Mərkəzinin rəisi Elçin Quliyevin, nazir müavini Hilal Əsədovun, habelə nazirin şəxsi "kassiri" Akif Çovdarovun və digərlərinin fəal iştirakı ilə dinləmə qurğularının köməyi ilə ölkənin biznes-elitasının, habelə orta biznesin tanınmış nümayəndələrinin fəaliyyəti izlənilib.
 
Sonra bu biznesmenlər barədə kompromat xarakterli materiallar toplanılıb. Bundan sonra MTN-in əməliyyat qrupu rəhbərliyin göstərişi və Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin şəxsən iştirakı ilə biznesmenlərin qanunsuz həbslərini həyata keçirib. Söhbət de-fakto sanksiyasız həbslərdən, biznesmenlərin "haqq" alınması üçün girov götürülməsindən və ciddi korrupsiyadan gedirdi./bizimyol.info/
 
Biznesmenləri MTN-in təcridxanasında həftələrlə, bəzən aylarla saxlayırdılar. Onların barəsində həbs tədbirinin dəyişdirilməsi üçün hər biznesmendən 350 min manat alırdılar. Sonra Eldar Mahmudovun və onun "kassiri" Akif Çovdarovun qruplaşmasının toruna düşən biznesmenlər azadlığa buraxılmaq, MTN-in təcridxanasından çıxmaq üçün milyonlar ödəyirdilər.
 
MTN rəhbərliyinin adından biznesmenlərlə söhbət aparan Akif Çovdarov onların hər birindən 400 min manat tələb edib. Biznesmenlərin bu pulu ödəyib azadlığa çıxmaqdan başqa yolu qalmayıb. Lakin onlar baş verənlər barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə danışıblar və bu informasiya dövlət başçısına məruzə edilib. Görünür, bu, hakimiyyətin səbrini daşıran sonuncu damla olub" - deyə xəbərdə bildirilir. Qeyd edək ki, məlumatlara görə, hazırda MTN generalları tərəfindən incidilən iş adamlarının ərizələri alınaraq, açılan cinayət işinə əlavə edilir.
 
"Moskvadan Mahmudovun hansısa kompromatını təqdim ediblər"
 
Sabiq səfir, hazırda Avropaya sığınaraq orada yaşayan Arif Məmmədov özünün "Facebook" səhifəsindəki 5 bəndlik açıqlamasında Eldar Mahmudovun qəfil işdən çıxarılması səbəbləri barədə öz mülahizələrini və eyni zamanda ondakı məlumatları bölüşüb: 
 
- Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib. O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş; lakin həmin zamanlarda cəzalardan birtəhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb - bu işdə ona başqa bir qohumu - "Azəriqazbank"ın sahibi Çingiz Əsədullayev kömək edib;
 
- Eldar Mahmudov İsrail kəşfiyyatı ilə şəxsi və qurumsal münasibətlər yaradıb və bu münasibətlər çox dərindir. Bu da heç şübhəsiz, son vaxtlar Azərbaycana təsir imkanlarını artıran Rusiyanı narahat etməyə bilməzdi. A.Məmmədov iddia edir ki, məhz Moskvadan Mahmudovun hansısa kompromatını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər;
 
- Nazir əlindəki rıçaqları istifadə edərək, hakimiyyət daxilində ən effektli klan qurub və ona başçılıq edib. Bu klana çox məşhur nazirlər daxil imiş. Mahmudov bu klan vasitəsi ilə Prezident Administrasiyası ilə dirəşir və özü kimi, Administrasiyanı saymayan nazirlərin də "yeyilməməsi" üçün onları müdafiə edirmiş…
 
Qazaxıstan səfərindən dərhal sonra…
 
Sabiq Milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər MTN-də baş verən olayları belə şərh edib:
 
"Hesab edirəm ki, parlament seçkilərinə iki həftədən də az bir vaxt qaldığı zamanda ölkə başçısının olduqca mühüm əhəmiyyət kəsb edən postlardan birinin rəhbərini işdən azad etməsi, onu göstərir ki, E.Mahmudov Preztdenti qəzəbləndirəcək hansısa bir addım atıb. Regionda hərbi-siyasi vəziyyətin kəskinləşdiyi, seçkilərin qapını kəsdirdiyi bir vaxtda belə bir addımın atılması, MTN rəhbərinin işdən azad edilməsi ciddi səbəblərlə bağlı ola bilər. Yəqin ki, yaxın günlərdə bu məsələ daha da aydınlaşacaq. Dövlət başçısının MDB-nin ölkə başçılarının toplantısından geri dönən kimi E Mahmudovu vəzifədən azad etməsi belə düşünməyə əsas verir ki, İ.Əliyevə E.Mahmudovla bağlı hansısa ciddi informasiyalar verilib. Böyük ehtimalla, ölkə başçısına bu informasiya görüş zamanı verilib".
 
KİV-də məsələ ilə bağlı çoxsaylı versiyalar yer alır. Prezident İlham Əliyev məlum sərəncamı Qazaxıstandan qayıtdıqdan bir neçə saat sonra imzalayıb. Məlumdur ki, oktyabrın 16-da Qazaxıstanda MDB liderlərinin sammiti keçirilirdi. Sammitdə əsas müzakirə mövzularından biri də MDB məkanında  İŞİD sıralarına qoşulanlarla bağlı mübarizə olub. Sammit davam edərkən MTN Bakıda İŞİD terrorçularının həbsi xəbərini yayıb və dəqiq vaxtı açıqlanmayan əməliyyatda saxlanılan Azərbaycan vətəndaşları haqda süjet televiziyalara ötürülüb.
 
Sərəncam elan edilməzdən bir gün əvvəl çox yüksək rütbəli bir Rusiya rəsmisinin - Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin Bakıda olması da təsadüf kimi qəbul olunmur. 
Eldar Mahmudovun işdən çıxarılacağı ilə bağlı informasiyalar  bu ilin martında - qudası Cahangir Hacıyevin nəzarət səhmləri dövlətə məxsus Beynəlxalq Bankda  kreditləri özünə yaxın iş adamlarına, şirkət və zavodlarına paylamaqla taladığı üzə çıxdıqdan sonra yayılmışdı. May ayında yanan bina ilə bağlı komissiyanın iclasında prezident kredit qalmaqalı ilə bağlı ad çəkməsə də, "vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər", "onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar" sözlərinin orada oturan dövlət məmurlarından quda-nazirə ünvanlandığı hesab edilir.  Bundan sonrakı açıqlamalarında da Prezident neftin yaratdığı maliyyə krizisində dövlət əmlakının bir qrup tərəfindən mənimsənildiyini demiş, manatın devalvasiyasından istifadə edərək daha da varlanmaq istəyənləri "çirkin niyyətli adamlar" adlandırmışdı. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar