Bu gün Eldar Mahmudovun vəzifəsindən qovulmasının 1 ili tamam olur. 2015-ci il oktyabırın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan proses bir çox yüksək çinli MTN-çilərin həbsi, qurumun ləğvi ilə sonuclandı.
Qazeta.info Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Zahid Orucun ötən müddətdə həyata keçirilən istintaq tədbirləri, atılan addımlar və görülməli işlərlə bağlı Musavat.com-a verdiyi maraqlı müsahibəni təqdim edir:
- Ötən 1 il ərzində Eldar Mahmudov və onun bandit dəstəsinin vəzifəsindən azad edilməsi, daha sonra MTN-nin ləğvi Azərbaycanın dövlət idarəçiliyi və ictimai-siyasi həyatında aparılan dəyişiklik kimi dəyərləndirilə bilər. Azərbaycandakı hadisə son dərəcə dəhşətlidir və ölkəmizdə təhlükəsizlik orqanlarının adına, məxfi orqan təmsilçilərinin daşıdığı mundirə tarixən vurulan ən böyük zərbədir. Hökumətin yüksək çinli şəxslərini, dövlətin ali orqanlarının təmslçilərini özünümüdafiəyə cəlb etməklə illər ərzində mütəşəkkil anti-Azərbaycan fəaliyyəti aparılıb.
- Bu fəaliyyətdən Eldar Mahmudov milli təhlükəsizlik naziri olaraq xəbərsiz qala bilərdi?
- Qətiyyən! Hazırda prokurorluq və məhkəmə orqanlarındakı işlərdən bəziləri mediaya çıxır və bir daha əksər məsələlərdə Eldar Mahmudovun qara silueti, hissiyatsız və donuq kölgəsi üzə çıxır. Başqa şəxslərin məsuliyyəti bir qurumun rəhbərindən gələn repressiv və total soyğunçuluq əməllərini pərdələyə bilməz. İnkivizitorun baş cəlladı rolunda Akif Çovdarovun qorxunc və amansız obrazı qabarsa da Mahmudovun tamakar nəfəsi hər addımda duyulub. Cinayət Məcəlləsinin onlarla maddəsinə uyğun hərəkət edən adamların qurbanları sırasında hər kəs olub.
Onların partiya mənsubiyyətinə, daşıdığı vəzifənin ranqına və aid olduğu silkin iearaxiyadakı yerinə baxmayaraq, “dövlət içində dövlət kimi” hərəkət edənlər insanlar üzərində qəddar ovlama, yağmalama və işgəncə maşını qurublar. Yüksək dövlət təmsilçiləri arasında daim parçalanma təbliğatının mənbəyi də o idarə olub. Kompramat savaşı imkan verməyib ki, Eldar Mahmudovun əmmələrinə qarşı konkret bir nazirlik və ya şəxslər onu zərərsizləşdirə bilsinlər. Hərçənd ona qarşı böyük müqavimət göstərən dövlət adamları olub və Eldar Mahmudov müxtəlif səviyyəli doproslara çağırılıb və hakimiyyətdə ona qarşı kəskin dirəniş göstərilib. Lakin daim ölkənin təhlükəsizliyi naminə, həmçinin, çekistlərin bacardığı iz itirmə əməliyyatları hesabına 11 illik vəhşət davam edib.
Yəqin ki, gələcəkdə müxtəlif nazirlər əleyhinə, hökümətin fəaliyyəti ilə bağlı, beynəlxalq məkanda ölkənin ali şəxslərini hədəf seçən kompramat materialların yayılmasında konkret əməllər sübuta yetiriləcək.
- Bu fikirlər real informasiyaya əsaslanır?
- Buna heç şübhə yeri yoxdur. Cinayətin aşkarlanmasının iki forması var. Biri konkret məlumatlar əsasında gedib cinayətkarları ifşa edirsən. Onun əlavə dəlillərə və izahata ehtiyacı qalmır. Digəri isə həmin fəaliyyətin ara verməsi, epizodik və pərakəndə vəziyyətə düşməsindən çıxış edib söyləmək olur ki, Azərbaycanı ləkələyən toplara mərmilər buradan qoyulub. Siz həmin kampaniyanın intensivliyinin indi kəskin şəkildə aşağı düşdüyünə şahidsiniz.
Həmin orqanın təmsilçiləri fəaliyyətə başlayarkən işlərinin məxfi xarakterinə görə dövlət sirri olan məlumatları yaymamaq öhdəliyi götürürlər. Ancaq Akif Çovdarovun məhbəsdən cəmi 1 dəfə verdiyi mesajdakı şantaj və dövləti təhdid müraciətinə hakmiyyətin reaksiyasından çıxış edib deyə bilərik ki, onun mühüm informasiyalarının açılmasından heç kəs qorxmur. Çünki ölkənin maraqlarını qorumaq üçün mühüm kəşfiyyat fəaliyyəti başqa orqanların və ləyaqtəli çekistlərin çiynində olub.
Bilirsiz, xəfiyyə sistemi dünyada elektron casusulugu həyata keçirir, rabitə sisteminə, poçt yazışmalarına və digər kommunikasiya vasitələrinə müxtəlif “cilovlama proqramları” tətbiq edirlər. Bu zaman ələ götürülən informasiya kütləsinin 90 faizindən gərək imtina edəsən, çünki onun dövlət təhlükəsizliyi ilə heç bir əlaqəsi olmur. Əks halda özünü allahlaşdırıb vətəndaşın həyatına və taleyinə sərəncam verən iblis mərkəzinə çevriləcəksən. Müxtəlif kompüter oyunlarındakı vampir çetesi kimi.
Eldar Mahmudov və onun ətrafı kəşfiyyat, əks-kəşfiyyat fəaliyyətini gerçəkləşdirməkdənsə, vətəndaşları yeyərək akulaya çevrilən “ölüm fabrikası”na çevrilib. Lakin ötən 1 ildə xarici dövlət təmsilçilərindən onların əleyhinə müraciətlərin olmaması məni təəccübləndirir. Zənn edirəm ki, müxtəlif investisiya layihələrini həyata keçirən xarici şirkətlərə də qanlı general şaykasının əli uzanıb.
- Belədirsə, Eldar Mahmudov nə üçün həbs olunmur?
- Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni, “toxunulmaz şəxs” yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları iradə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük akulalara çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur.
- Bəs Eldar Mahmudovu istintaqdan kənar saxlayan başqa səbəblər varmı? Ötən 1 illik müddət istintaqın konkret nəticəyə gəlməsinə yetmədimi?
- Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır.
Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi “repressiya qurbanı” kimi tanımaq lazımdır. “Karvansaray” ticarət mərkəzinin taleyindən tutmuş, 8-ci kilometrdə yerləşən bazara qədər geniş coğrafiyada və çeşiddə baş verənləri başqa adla qiymətləndirmək mümkün deyil. Həmin hadisələri indi təsvir edəndə adamın ürəyi bulanır, hiddət və qəzəb, intiqam və cəza tələbi bir-birinə qarışır.
1-ci mərtəbədə işgəncə ver, 2-ci mərtəbədə rəqəm oxu, 3-cü mərtəbədə ram edə bilmədiyin adamları saxta işlərlə məhbəsə göndər. Çoxmərtəbəli cinayət yuvası əsil erməni məkri ilə işləyib. Milləti belə amansız sümürən heç bir müətəşəkkil cəza dəstəsi bir qurum boyda heç vaxt olmayıb. O adı və çekist libasını xilas etmək üçün hər kəs cinayətinə görə cavab verməlidir. Çovdarovları vətənşalıqdan məhrum etmək onları İŞİD terrorçuları ilə eyni səviyyədə qəbul etmək demək olardı və Azərbaycan dövləti, milləti belə başkəsənlərdən xilas olardı. Lakin təhlükəsizlik orqanlarının fəaliyyətinə nəzarət edən qurumların təmsilçiləri də bu məsələdə məsuliyyət daşıyır.
- Dediklərinizdən belə aydın olur ki, Eldar Mahmudovun istintaqdan kənarda saxlanılması onun fəaliyyəti dövründə ölkədən kənara çıxara bildiyi milyardların geri qaytarılmasıyla əlaqədardır. Onu həbsə alıb, həmin o pulların geri qaytarılmasına nail olmaq doğru addım olmazdımı?
- Eldar Mahmudov Beriyadan da bir qədər irəli gedib, tamahı qılıncından iti olub. Belə olan təqdirdə onu cəmiyyətdən izolasiya edib məhbusa çevrimək yarımçıq qələbəyə çevrilər. Hər halda prokurorluq orqanlarının qurduğu əməliyyat xəritəsi var. Ona görə səbrli olmaq lazımdır.
Dzerjinski deyirdi ki, çekistin isti ürəyi, soyuq beyni və təmiz əlləri olmalıdır. Eldar Mahmudov, onun şaykası isə tamamilə əksinə işləyib. Onun fəaliyyətini ifşa etmək o qədər də asan deyil. İstintaqın sonunda verilən qərar bir çoxlarının gözlədiyi kimi olacaq. Çünki sabiq nazirin cəzalanmaması müəyyən insanlarda xof yaradacaq.
- Hətta onun bir müddət sonra yenidən digər yüksək vəzifəyə gətiriləcəyi ilə bağlı söz-söhbətlər də səngimək bilmir.
- Bu, informasiya mühitini keçmişdəki kimi müxtəlif ssenarilərlə idarə etmək təxribatıdır. Yüzlərlə şəxs orqandan qovulub, cinayət məsuliyyətinə cəlb olunub. Lakin ən böyük dəhşət qurduğun evin, haram pullarla tikilmiş malikanənin sənin üçün məhbəsə çevirilməsidir. Dünən qorxu və xof içində sənə təzim edənlər, layiq olduğun qiyməti verəndə, hər gün ölüb təzədən diriləcəksən. Bundan böyük cəza yoxdur. Erməni içərisində vandallıq edənləri düşmən kimi anlaya bilirsən. Bəs təhlükəsilyimizi qorumalı olanların təhlükə saçmasına necə bəraət qazandırmaq olar? Qırılan talelər cavabdehlik tələb edir.
- Bütün bunlar mənəvi cəzadır. Eldar Məhmudovun real cəzaya çatdırılmaması gələcəkdə onun kimi məmurların ortaya çıxması üçün münbit şərait yaratmırmı? Hansısa bir nazir düşünə bilər ki, Eldar Mahmudov milyardları taladı, ona nə etdilər ki? Və bu düşüncə ilə hərəkətə keçə bilər.
- Dövlətin ali instansiyalarına gedən xəbər xəttlərini bloklamaq mümkün olub. Çünki hər adamı yeyərkən onun satqın obrazını yarada biliblər. İş adamını və ya siyasətçini şəxsi məlumatları ələ götürüləndə idarə etməyə nə var. Trotskilər, buxarinlər, zinovyevlər məgər antisovet fəaliyyəti aparmırdılar? Ona görə milyonları töycü kimi alarkən hərənın ağzına bir qıfıl vurublar və qədimlərdə katolik kilsəsinin verdiyi indulgensiya qəbzinə bərabər, lallıq statusu təsis eləyiblər. Hamı bac-xərac verib gilyotina bıçağından qaçmağa çalışıb. Ona görə də ifşa prosesi və cəzasızlıq mühiti 11 il çəkib.
Əlbbətə, Mahmudovun şəxsən məhkəmə qarşısında dayanmaması insanlarda xəyal qırıqlığı yaradacaq. Adamlar şərin ölümsüzlüyünə və gücünə inanacaqlar. Buna yol vermək olmaz.
- E.Mahmudovun fəaliyyəti dövründə birbaşa onun nəzarəti altında tərtib olunan qondarma ittiham aktları müvafiq orqanda təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlər çıxarılıb. Günahsız insanlar həmin qondarma cinayət işlərinə görə bu gün də həbsdədirlər. Azərbaycan prokurorluğu, məhkəməsi Eldar Mahmudov və onun komandası ilə bağlı tam, hərtərəfli və obyektiv istintaq, məhkəmə aparıla bilər?
- Parlamentdə bu məsələyə toxunmuşdum, baş verən cinayətlərin araşdırlması üçün şübhəsiz ki, ayrıca istintaq komissiyasının yaradılmasına ehtiyac var. Çünki bunu birdəfəlik anlamaq lazımdır ki, bu cinayətlər lokal xarakter daşımayıb, şəbəkələşib və başqalarını da əhatə edib. Müxtəlif şantaj üsulları ilə dövlət rəsmilərini özlərinə boyun əydirə biliblər. Azərbaycan müstəqilik tarixində dövlət çevrilişi cəhdləri ilə müqayisədə belə səssiz bir şəkildə hakimiyyətin tutulması baş verməyib. Dövlətin bütün qollarını sarıblar. Bunlar da bizim paralel hökumətimiz olub. Onlar addım-addım zirvəyə yaxınlaşıblar. Ona görə vurulan ziyanların tam obyektiv araşıdırlması və cəmiyyətin məlumatlandırlması, gələcəkdə belələrinin xaricdən müdafiəsinin qarşısının alınması üçün xüsusi komissiyanın yaradılmasına böyük ehtiyac var. Lakin söhbət qətiyyən istintaq inamsızlıqdan getmir.
- Ali dövlət rəhbərliyinin qanunsuz yolla dinlənilməsindən əldə olunmuş məlumatlardan Eldar Mahmudovun özünü qoruma vasitəsi kimi istifadəsi haqda məlumatlar var. Eldar Mahmudovun 1 il ərzində həbs edilməməsini bu məlumatların təsdiqi hesab etmək olarmı?
- O, Alen Dalles, yaxud, keçmiş alman KQB-sinin rəhbəri Markus Volfun heç dırnağı da deyil. Kimdir belə adam, daha strateji planda işləməyi bacarsın və hamını əsarətdə saxlasın. Onun toxunulmazlığı yoxdur və indi ən zəif həlqədir. Lakin ölkənin varidatı geri qayıtmalıdır. Özü də şəffaf bir şəkildə.
Mahmudov keçmişdə sovet əmlakını dagıdanlara qarşı mübarizədə hansı analtik, peşəkar xəfiyyə bacarığı əldə edib ki, dövlətlərarası siyasətə və regional maraqlar döyüşünə qadir əks-proqramlar qura bilsin. Beləsinin məlumat bankı Cahangirin pul seyfindən ibarət olub, ofşor zonlarına axan malyəyə kontrol edilib və “Vikiliks”lə müqayisədə ara dedi-qodularına “məxfi” kodunu yapışdırmaq təşkil edib. Bəlkə də Ziya Yusifzadə kimi nəhəngin ürəyi partladı belələrinin yanında. Halbuki o ideal kişini də belələri reklam şiti olaraq çıxarırdılar.
- Hökmün çıxarılması məhkəmənin müstəsna səlahiyyətidir. Azərbaycan məhkəmələrinin hazırkı durumunda belə hökmün çıxarılacağına inanırsınız?
- Məsələ dövlət başçısının nəzarəti altındadır. Konkret şəxslərə münasibətdə güzəştli, qorxaq mövqe tutulacağına inanmıram. Əksinə, çox sərt istintaq fəaliyyəti aparılır. Məhkəmələrimiz üçün də tarixdə qurulan ədalət mühakiməsi kimi bir sınaq dövrüdür. Məgər, hakimlərin özü və ya övladları o katorqadan sığortalanmışdı? Onsuz da ilahinin qüdrəti Çovdarovu içini çıxararaq onu yarımcana çevirib - milyonlar özü ilə bərabər, şəkər xəstəliyini, xərçəngi və mədəsiz, qara ciyərsiz bir bədəni bəxş edib. Göydəki qərar verib, qalıb yerdə onu rəsmiləşdirmək.
Dünyada balans qanununu heç kəs poza bilməz. Sümüklərdən saray tikmək olar, lakin orada Bulqakovun iblisi kimi hər gün yalan, alçaqlıq və rəzillik sənə hökmranlıq edəcək. Yəqin, Mahmudov indi də kimisə buyurur, əmr edir edir, alır, satır. Baxın, necə qiymətli dedektiv romanlara mövzudur.
- Eldar Mahmudovun müavini Hilal Əsədovun, istintaq idarəsinin rəisi Mövlam Şıxəliyevin adları bir sıra cinayətlərdə hallansa da, istintaqdan kənar saxlanılmaları nə ilə əlaqəli ola bilər?
- Mümkündür ki, bu şəxslər günahsızdır və başqa sahələrə nəzarət edərək, yuxarıda qeyd etdiyimiz dövlət məlumatları üçün “nazik cığır” olublar. Yəqin, çoxsaylı üzləşmələr aparılıb, idafələr alınıb və belə olması məqbul sayılıb.
- “MTN işi”ndən az sonra “Rabitəçilərin işi” də başladı. Maraqlıdır ki, həmin işdə də nazir Əli Abbasovu istintaqdan kənar saxlayıb ətrafında olan şəxsləri həbs ediblər. Bu qədər cinayət törədilibsə, təkcə aparat rəhbərinə 60-70 milyon manatlıq yeyinti ittihamı irəli sürülübsə, bundan nazir xəbərsiz ola bilərdi?
- Əli Abbasov elm adamı idi. Akademik savadı ilə idarəçilik sistemində özünməxsus hörmət qazanmışdı. Bizlər üçün əlçatan idi və hər zaman o qurumun inkişafında fəal rol oynamağa çalışırdı. Bunları inkar etmək olmaz. Lakin konkret şantajla üz-üzə qalanda gərək seçim etməyi bacaraydı. Axı xəfiyyə orqanı onların içində oturanda məgər o deməkdir ki, Mahmudov imperatordur?
Lakin nazirliyin çoxmilyonlu yeyintilərini heç kəs inkar edə bilməz. Kimlər dövlət vəsaitini talayıbsa, onların Əli Abbasovun üzünə durması nəyisə dəyişmir. Hər halda əsas şəbəkə, necə deyərlər, ana plata MTN və onunla bağlı şəxslər olub.
- Bu günlərdə prezident Naxçıvanın milli təhklükəsizlik naziri olmuş Vəli Ələsgərovun ali hərbi rutbədən, təltiflərdən məhrum edilməsi ilə bağlı sərəncam imzaladı. Eldar Mahmudovla bağlı belə bir sərəncam gözlənilirmi?
- Dövlət başçısının şəxsi hiddətinin Şəkidə açılış mərasimində şahidi olduq. Buna görə də təxmin etmək olar ki, Eldar Mahmudovla da bağlı müxtəlif addımlar atıla bilər.
- Eldar Mahmudovun vəzifədən çıxarılandan sonra öldürülməsi ilə bağlı cəmiyyətdə müxtəlif səpkili versiyalar müzakirə mövzusudur. Bölüşürsünüzmü bu versiyaları?
- Xaraktercə qəddar insanlar deyilik və hər kəsin əməlinə qanunla qiymət verilməsinin tərəfindəyik. Belə insanlar üçün ölüm mükafat olardı. Cəmiyyətin hiddəti, məzəmməti daha böyük cəzadır. Mahmudovun torpaq altında olması xəbəri insanlarda rəhm hissi qazanmağa hesablanan çekist trüyüküdür. O, sağ salamatdır, hər gün törədilmiş cinayətlərlə bağlı sorğu-sualın və digər müşayetedici baxışların altındadır.
- 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətllə yetiriləndən sonra prokurorluq orqanları azad sözə yönəlmiş ağır cinayətin üstünün açılması üçün bir sıra mühüm addımlar atmışdılar. Qətldə dolayısı ilə iştirak etmiş Turqay Bayramov həbs edilmiş, killer dəstəsinin 2 üzvü müəyyən olunmuşdu. Lakin cinayət işi prokurorluqdan MTN-ə ötürüləndən sonra istintaq yerində saymağa başladı, cinayətin üstü açılmamış qaldı. Necə hesab edirsiz, bu cinayət işinin yenidən araşdırlmasının zamanı deyilmi?
- Qeyd etdyiniz açılma baş vermədiyindən kriminal hadisələrdən Azərbaycan əleyhinə əfsanələr düzəldilir. Əlbəttə, dövlət bunun fərqindədir. Hər halda Kennedinin qətli ilə müqayisədə sözügedən səs-küylü cinayətlər açıla biləndir. Lakin mürəkkəb məqamları və o dövrkü siyasi konteksti unutmaq olmaz.
Məsələn, Binaqədidəki məlum bina yanğını ilə ölkəmizdəki mühüm beynəlxalq hadisələr arasındakı bağın mövcudluğu 15 insanın ölümü ilə hesab ödədiymizin qənaətini yaradır. Hər halda həmin işlə bağlı məhkəmə çox ləyaqətli bir iş admının - dövlət yolunda başını qoyan bir insanın üzərində Azərbaycanı yandırmaq istəyənlərin təxribatına daha çox əmin olursan. Yoxsa, dövlətin Bakıya qoyduğu investisyanı və şəhərimizin yenidən qurulması siyasətini necə diversiya etmək olardı? Deməli, məhkəmə 15 adamın ölümünü keyfiyyət və normativ hallara bağlayıb aktlaşdırsa, hökm cəmiyyətdə birmənalı qəbul olunmayacaq. Azərbaycanda 5-10 normal burjuaziya nümayəndələrini beləcə iflic edib ölkənin iqtisadi mühitinə zərbə vurdular. Miryusif Mahmudov həyatını itirənlərlə barəbər, müxtəlif qrupların arasında gedən savaşın qurbanıdır. Əsl günahkarlar tapılmasa, terror və qəsdləri davam etdirənlər azadlıqda qalacaq. Elmar Hüseynovsa rəngli inqilab ssenarisinin yeminə çevrildi.
- Fakt odur ki, bu cinayətin əsas icraçılarının adı bəllidir və cinayət işi öz məntiqi nəticəsinə çatdırılmır.
- Xatırlayırsız, jurnalist Qonqadzenin öldürülməsi Ukraynada Kuçmanın siyasi qətlini doğurdu. Elmarın aradan götürülməsi o vaxt hakimiyyət içində səfirliklərdən çevrilişə viza alanların satqınlığı və narıncı dalğanın axarında baş verdi. Ölkənin daxili həyatını sarsıtmaq üçün gərginlik nöqtələrini tərpətmək ən yaxşı yoldur. Halbuki prezident İlham Əliyev iqtidara özünü düşmən saynların çoxunu bağışlamış, onları məhbəsdən azad etmişdi və ölkədə o vaxt siyasi barış havası hökmranlıq etməyə başlamışdı. Hüseynovun qətli iqtidara qətiyyən lazım ola bilməzdi. Əksinə, Elmarın atası Sabir Hüseynov müsahibəsində demişdi ki, o vaxtkı müxalif qüvvələr Elmarın tabutunu küçə-küçə gəzdirmək üçün ona müraciət ediblər. Cəsədlərdən keçib hakimyyətə gəlmək o vaxt xaricdən idarə olunurdu və hədəfə gələnlər də, belə demək mümkündürsə, seçilmişdi.
- Ötən 1 il ərzində yəqinləşdi ki, Azərbaycan hüquq mühafizə orqanları Eldar Mahmudovun rəhbərliyi dövründə və altında törədilən cinayətlərin hamısının tam olaraq araşdırılmasına bır sıra səbəblərdən yenidən qayıtmaq istəmirlər. Həmin qondarma cinayət işləri MTN-də tərtib olunsa da, prokurorluq orqanlarında təsdiqlənib, məhkəmələrdə ittihamedici hökmlərlə bərkidilib. Belə bir vəziyyətdə müstəqil istintaq komissiyasının yaradılması üçün addımların atılması zamanı yetişməyib?
- Hüquq mühafizə orqanlarının bu cinayət işlərinin araşdırılmasında maraqlı olmaması fikrini bölüşmürəm. Bununla belə vətəndaşlarda, parlament üzvlərində, media təmslçilərində belə yəqinlik var ki, törədilmiş cinayətlərin miqyası daha genişdir və şəbəkə xarakterlidir.
Özlərini “Dartanyan və 3 muşketyor” səviyyəsində aparan, xalq üzərində əməliyyat quran bu adamların fəaliyyəti ilə bağlı şübhəsiz ki, komissiya yaradılmalıdır. Hüquqi qiymətlə yanaşı, dövlət və cəmiyyət həyatından birdəfəlik belə əməlləri silmək üçün siyasi qərarlar da qaçılmazdır.