MTN-in həbsdə olan generalları “Rabitə işi”ndə ifadə veriblər
25.01.2017 593 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general Sübahir Qurbanov şahid ifadəsi verib. O bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovdan aylıq 50 min manat pul alması haqda deyilənlər yalandır: "Vidadi Zeynalov da istintaqda bu barədə danışıb. Amma mən pul ondan almamışam". 

Prokuror Fərid Nağıyev isə qeyd edib ki, S. Qurbanovun sürücüsü məhkəmədə hər ay nazirlikdən pul aldığını təsdiqləyib.

S. Qurbanov buna cavab olaraq deyib ki, sürücüsünün Vidadi Zeynalovdan pul almasından da xəbərsizdir: "Bəzən Vidadi Zeynalova tədbirlərə görə hədiyyələrin alınması üçün müraciət etmişəm".

Təqsirləndirilən Vidadi Zeynalov şahidin ifadəsinə münasibət bildirib: "Mən Sübahir Qurbanovu 1983-cü ildən tanıyıram. Ona şəxsən pul verməmişəm, pulun ona çatacağını da bilməmişəm. Sürücü gəlib, pulu nazirliyə göndərmişəm. Amma sürücünün kim olduğunu istintaqda üzləşmə zamanı tanımışam və Sübahir Qurbanovun sürücüsü olduğunu bilmişəm".

Daha sonra hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyev şahid kimi dindirilib. T. Quliyev də ifadəsində Vidadi Zeynalovdan aylıq 50 min manat alması haqda deyilənlərin həqiqətə uyğun olmadığını bildirib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib. 


V. Zeynalov T. Quliyevin ifadəsinə münasibət bildirib: "MTN-ə aylıq 50 min manat göndərmək rəhbərliyin göstərişi olub. Rəhbərlik deyib, mən də göndərmişəm. Dövlət əhəmiyyətli işlər üçün bu pul lazım olduğu deyilirdi. Mən nə Sübahir Qurbanova, nə də Teymur Quliyevə vermişəm. Nazirliyə göndərmişəm".

T. Quliyev isə bildirib ki, Vidadi Zeynalovdan pul alsaydı, bunun üçün sürücü göndərməzdi: "Biz Vidadi Zeynalovla qonşuyuq. Lazım olsa, pulu özüm alardım. Sürücünü bu işə qoşmazdım".

Sonra şahid qismində "Azərpoçt"un Azad Həmkarlar İttifaqının sədri Eldar Qasımov ifadə verib. O, ibtidai istintaqa ifadəsini təsdiqləyib. 

Digər şahid Qurban Rüstəmov isə bildirib ki, Qəbələ telefon qovşağında mühasib işləyib. O, təqsirləndirilən Oqtay Rüstəmova pul verdiyini təsdiqləyib: "Amma pulun məbləği yadımda deyil". 

Təqsirləndirilən Oqtay Rüstəmov isə şahidi tanımadığını, ondan pul almadığını deyib. 

Proses yanvarın 27-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

 

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
 
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

 

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar