MTN-in həbs edilən qadın generalı kimdir
20.10.2015 848 0.0 0

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10-dək əməkdaşı məhkəmə qarşısına çıxarılıb və onlar barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, həbs edilənlər arasında MTN-in Monitorinq Mərkəzinin əməkdaşı Azərbaycan tarixində ilk dəfə olaraq general-mayor hərbi rütbəsi ilə təltif olunan qadın Natəvan Mürvətovanın da adı var.

Natəvan Mürvətova Azərbaycanın milli təhlükəsizlik orqanlarının 90 illiyi ilə əlaqədar prezident İlham Əliyevin 2009-cu il 28 mart tarixli sərəncamı ilə bu rütbəyə yüksəlib. 2013-cü ildə Natəvan Mürvətova “Vətən uğrunda” medalı ilə təltif olunub. 
Azərbaycan tarixində ilk dəfə olaraq qadın general-mayor hərbi rütbəsi ilə təltif olunan Natəvan Mürvətova o vaxt Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-texniki İdarəsinin rəisi vəzifəsində çalışıb.

 


Natəvan Mürvətova

 

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.

İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanıldığı da bildirilir. Onlardan bir neçəsi barədə Səbayil rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib. Həbs olunanlar Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunurlar. Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar