MSK şikayətlərə baxıb
02.10.2015 690 0.0 0

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
 
APA-nın məlumatına görə, MSK Yeni Azərbaycan Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrini qeydə alıb, bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edib.
 
Daha sonra daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova deyib ki, 70 saylı Masallı şəhər Seçki Dairəsindən öz təşəbbüsü  ilə deputatlığa namizədliyini irəli sürən Fikrət Cəfərli müvafiq dairə seçki komissiyasının onun namizədliyini qeydə almamasından şikayət edib. MSK-nın işçi qrupu təqdim etdiyi imzalardan yalnız 348-i etibarlı sayılan F. Cəfərlinin namizədliyinin qeydə alınmamasını əsaslı sayıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
 
MSK 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən BAXCP tərəfindən deputatlığa namizədliyi irəli sürülən Şahin Qafarovun şikayətini vaxtı ötdüyü üçün geri qaytarıb. MSK-nın işçi qrupu 95 saylı Tərtər Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülən Tamella Məmmədovanın deputatlığa namizədliyinin müvafiq dairə seçki komissiyası tərəfindən qeydə alınmaması barədə şikayətini də əsassız sayıb, etibarlı imzaların 450-dən az olduğu üzə çıxıb.
 
120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürülən Tariyel Vəliyevin müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmaması barədə şikayəti də əsassız sayılıb.
 
MSK 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Hafiz Babalının namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı şikayətini isə əsaslı sayıb. İşçi qrupun apardığı araşdırma zamanı məlum olub ki, təqdim edilən imzalar qanuna uyğun toplanıb, 469 imza etibarlıdır. Bu da H. Babalının deputatlığa namizəd kimi qeydə alınması üçün kifayət edir. MSK 42 saylı Sumqayıt İkinci Dairə Seçki Komissiyasının qərarını ləğv edərək H. Babalının namizədliyini qeydə edib.  
 
71 saylı Masallı Kənd Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən Elmira Axundovanın səlahiyyətli nümayəndəsi və deputatlığa namizədliyi qeydə alınan digər şəxslər MSK-ya müraciət edərək deputatlığa namizədliyi qeydə alınan Gülağa Qəmbərovun vaxtından əvvəl təşviqat kampaniyasına başladığı barədə şikayət ediblər. MSK müraciətə aidiyyəti üzrə baxılması üçün 71 saylı Masallı Kənd Dairə Seçki Komissiyasına göndərib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar