Natiq Məmmədov: “Bir dairədən seçiləcək namizədin bütün ölkə üzrə təşviqat aparmasına zərurət yoxdur”
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizədlərə pulsuz efir vaxtı və mətbuatda yer ayrılmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
MSK sədrinin müavini Natiq Məmmədov APA-ya açıqlamasında deyib ki, seçkilərdə iştirak edən qüvvələr öz maliyyə fondlarını formalaşdırmalı və həmin maliyyə fondundan istifadə etməklə öz təşviqatlarını qurmalıdırlar.
N. Məmmədov bildirib ki, inkişaf etmiş dünya ölkələri qəbul edib ki, seçkidə iştirak etmək istəyirsənsə, maliyyə əsaslarını, şərtlərini özün həll etməlisən, bunu dövlət həll etməli deyil: “Müəyyən istisnalar var, bizim dövlət də bu istisnalara daxildir. Biz dövlət büdcəsi hesabına seçkilərdə iştirak edən insanlara belə şərait yaradırıq, həmin şəxs mübarizə aparır, nəticədə hətta qalib də ola bilir. Kimlər bu pulsuz təşviqatı apara bilər? Pulsuz təşviqata imkanı qanun o halda tanıyır ki, xüsusi subyekt statusu əldə edilmiş olsun, yəni siyasi partiya və ya blok tərəfindən ölkədə mövcud olan seçki dairələrinin 60-dan çoxunda namizəd qeydə aldırmış olsun. Başqa sözlə, bir partiyanın, blokun 60-dan çox namizədi varsa, bu imkandan istifadə edə bilər. Bizim təcrübə göstərir ki, Yeni Azərbaycan Partiyasından başqa 60-dan çox namizəd qeydə aldırmaq, bu cür potensiala malik olan partiyalar yoxdur. Yeni Azərbaycan Partiyası da könüllü şəkildə bu pulsuz təşviqatdan imtina edib. Nəticə etibari ilə bu partiyadan başqa pulsuz efir vaxtı və mətbuatda dərc yerinin alınması hüququna malik subyekt yarana bilmir”.
Əslində, bir dairədə namizədliyi qeydə alınmış şəxsin bütün ölkə üzrə özünün təşviqatını aparması o qədər məntiqli görünmür, o namizəd təşviqatını öz dairəsi üzrə aparmalıdır. Bu baxımdan namizəd üçün yerli yayım şəbəkələri yararlı ola bilərdi.
Ötən parlament seçkilərində seçki dairələri üzrə namizədlərə pulsuz efir vaxtı ayrılmasına gəlincə, MSK sədrinin müavini qeyd edib ki, bu, Azərbaycanda seçki prosesində istisna hal olub: “MSK o vaxt təşəbbüs qaldırmışdı, çalışırdıq ki, şərait yaradaq. Həmin şəraiti yaratmaqda məqsədimiz o idi ki, daha çox müzakirələr aparılsın. Əslində, bir dairədə namizədliyi qeydə alınmış şəxsin bütün ölkə üzrə özünün təşviqatını aparması o qədər məntiqli görünmür, o namizəd təşviqatını öz dairəsi üzrə aparmalıdır. Bu baxımdan namizəd üçün yerli yayım şəbəkələri yararlı ola bilərdi. İkincisi, hər dairə üzrə qeydə alınmış namizədlərə pulsuz efir vaxtının ayrılması qanunda yox idi, bu, əlavə tədbirlər kimi MSK-nın təşəbbüsü ilə həyata keçirilib. Bunu da bir öhdəlik, mütləq edilməli hal kimi qiymətləndirmək düzgün deyil. Əslində, qanunun tələbinə görə bu, namizədin xeyrinə atılmış əlavə addım idi. Belə addımlar həmişə şəraitə bağlı olur, bunun sınaqdan çıxmasına ehtiyac var ki, effektliyinin nə dərəcədə olduğunu görək. Onu demək kifayət edir ki, konkret bir dairənin namizədinin 125 seçki dairəsi üzrə təşviq olunmasına elə də zərurət yoxdur”.
N. Məmmədov qeyd edib ki, namizədlərin öz təşviqatlarını aparması, seçicilərinə öz proqramlarını çatdırması üçün çoxsaylı vasitələr, üsullar mövcuddur: “Seçiclərlə birbaşa görüş, təşviqat materiallarının hazırlanaraq yayılması, o cümlədən ödənişli əsaslarla KİV-də təşviqat aparılması bura daxildir. Bu KİV-ə ölkə üzrə yayımlananlar da daxildir. Yəni imkanlar həddən artıq çoxdur, ödənişsiz təşviqatla bağlı heç bir problem yoxdur. Ödənişli təşviqatla bağlı MSK-ya 50-yə yaxın KİV müraciət edib, istənilən namizəd bu imkanlardan istifadə edə bilər. Qanunun ödənişsiz təşviqat üçün imkan yaratdığı subyektlər isə bu seçkidə olmadı, YAP imtina etdi, digərləri üçün isə belə əsasların və imkanların yaradılması üçün heç bir qanuni öhdəlik yoxdur”.