“Əsas siyasi siqnallardan biri Rusiyaya real təzyiqin edilməsidir. Çox maraqlı ideyalar var. Onları yalnız bütün dostlar arasında uyğunlaşdırıldıqdan sonra açıqlayacağam”.
Məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin Vaşinqton səfərinin nəticələri ilə bağlı TSN kanalına verdiyi müsahibəsində deyib.
Klimkinin sözlərinə görə, ABŞ prezidenti Donald Trampla yalnız “Rusiyaya təzyiq və sanksiyanın iqtisadi alətləri” müzakirə edilməyib. Onun sözlərinə görə, Vaşinqton Donbasla bağlı sonrakı addımları Berlin və Parislə uyğunlaşdıracaq.
Daha əvvəl isə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy deyib ki, amerikalılar onları Ukrayna barəsində heç bir qərarı gizli şəkildə qəbul etməyəcəklərinə inandırıblar.
“Bizi inandırdılar ki, Ukrayna barəsində gizli şəkildə heç bir qərar qəbul etməyəcəklər. Görüşlər göstərir ki, bu yeni administrasiyanın dəqiq siyasətidir”, - diplomat bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Ukraynanın xarici işlər naziri ilə mayın 11-də görüşüb. Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada qeyd edilib ki, Donald Tramp Ukraynanın cənubi-şərqindəki münaqişənin həlli üzərində ukraynalı partnyorlarla işləyəcəklərini bildirib.
Bundan bir gün əvvəl isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda əvvəlcə ABŞ-ın dövlət katibi Reks Tillerson, daha sonra Donald Trampla görüşüb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xizer Nauert deyib ki, Reks Tillerson Ukrayna üzrə Minsk razılaşmalarının tam icrasına ehtiyacın olduğunu vurğulayb. Həmçinin, Tilleson Rusiyaya qarşı sanksiyaların saxlanılacağını bildirib.
“Rusiyaya qarşı sanksiyalar Moskvanın hərəkətləri dəyişməyənə kimi qüvvədə qalacaq”, - Nauert deyib./Publika.az/