Moskvada ÜAK və «Azərros» təşkilatları birləşib-FOTO
20.09.2015 701 0.0 0

“Azərros”un Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev Azərbaycan regional diaspor rəhbərlərinin təklifi ilə ümumi Azərbaycan diasporu “Ağsaqqallar Şurasının” sədri təyin olunub

 Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat  Komitəsinin iclası keçirilib. Məlumata görə, iclasda Rusiya regionlarında fəaliyyət göstərən azərbaycanlıların federal milli-mədəni muxtariyyətlərinin rəhbərləri və Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri iştirak ediblər. “Azərros” FMMM-in iclasda Kostroma, Nijni Novqorod və Moskva bölmələrindən başqa bütün regional rəhbərləri təmsil olunub. Təşkilatın adından “Azərros”un  Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev çıxış edərək, “Azərros”un tarixində yeni səhifənin açılışını təklif edib. 
 
Rusiyanın regionlarında fəaliyyət  göstərən ÜAK və federal milli-mədəni muxtariyyətlərinin diaspor rəhbərləri  tərəfindən iclasın nəticəsi olaraq iki təşkilatın birləşməsi barədə deklarasiya qəbul olunub.
 
Lakin ÜAK-ın adı və tarixi ümummilli lider Heydər Əliyev ilə bağlı olduğuna görə birləşmə prosesində ÜAK-a prioritet veriləcəyi bildirilib. Deklarasiyanın ikinci bəndinə əsasən təşkilatların aparatlarının qarşılıqlı inteqrasiyası üçün Foruma qədər hər iki təşkilatın bir binada – Rusiya Azərbaycan İcması Evində yerləşməsi qərarı verilib. Həmçinin təşkilatların saytlarının birləşməsi də qərara alınıb. Birləşmə prosesi Foruma qədər iclasda seçilmiş 4 nəfərdən ibarət işçi qrup və səriştəli hüquqşünaslar tərəfindən hazırlanacaq.  Bu işin nəticələri isə Təşkilat Komitəsinin növbəti iclasında açıqlanacaq. 
 
İclasda həmçinin “Azərros”un Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev Azərbaycan regional diaspor rəhbərlərinin təklifi ilə ümumi Azərbaycan diasporu “Ağsaqqallar Şurasının” sədri təyin olunub.
 
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bu addımın Azərbaycan diaspor tarixində  mühüm olduğunu vurğulayaraq Rusiya-Azərbaycan münasibətlərinin rifahına qulluq edəcəyini bildirib.
 
Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev isə çıxışında bu addımın Azərbaycan diasporunda mövcud olan vəziyyət ilə əlaqədar olduğunu bildirərək bunun diasporun həyatında əhəmiyyətini xüsusi vurğulayıb.
 
İclasda bütün diaspor rəhbərlərinə söz verilib. Onlar diasporda mövcud olan problemlər barədə öz iradlarını, təkliflərini və  arzularını səsləndiriblər.
 
Sonda Rusiya Azərbaycanlılarının I Forumunun Təşkilatı Komitəsinin növbəti iclasının bu ilin noyabr ayında keçiriləcəyi qeyd edilib. /apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar