Moskvada təhlükəsizlik tədbirləri artırılıb (VİDEO)
21.11.2015 554 0.0 0

Rusiya hökuməti də Misirdə ölkəyə məxsus sərnişin təyyarəsinin terror aktı nəticəsində qəzaya uğramasını təsdiqlədikdən sonra Dövlət Duması milli təhlükəsizlik məsələsinə yenidən baxılmasına qərar verib. 

Parlamentin hər iki palatası terrorçulara qarşı daha sərt cəzalar tədbiq edilməsi üçün qətnamə qəbul edib. Qətnamədə, eyni zamanda, ictimai təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, ekstrimizmə qarşı əlavə mübarizə tədbirlərinin görülməsi nəzərdə tutulur. Bəs iqtisadi böhran səbəbindən polis sayı azaldılan Moskvada təhlükəsizlik tədbirləri necə artırılır?

ANS TV-nin Moskva bürosunun məlumatına görə, məlum terror hadisələrindən sonra Moskva meriyası paytaxtda təhlükəsizlik tədbirlərini artırmağa qərar verib.

Məsələ burasındadır ki, Moskva hakimiyyəti təhlükəsizlik tədbirlərinin artırılması üçün yeni bir yola baş vurub. Moskva meriyasının üzvləri köhnə ordu mənsubları və polislərdən ibarət olan Zabitlər İttifaqı adlı təşkilatın köməyinə müraciət edib.

Adıçəkillən təşkilat Moskvanın metro, demir yolu stansiyaları, hava limanları, sənaye obyektləri kimi ictimai və strateji yerlərdə patrul xidmətinə başlıyıb.

Təşkilatın əməkdaşlarının əksəriyyətinin mülkü geyimlilərdən ibarət olmasının isə təhlükəsizliyin daha yüksək səviyyədə qorunmasına kömək edəcəyi deyilir.

“Komandamıza fiziki cəhətdən güclü insanları seçirik. Çünki onlar birinci növbədə özlərini müdafiə etməyi bacarmalıdırlar. Bundan başqa, onların insanlarla ünsiyyət qurma bacarıqlarına da önəm veririk. Əsas məqsədimiz isə əlbəttə ki, ictimai asayişi qorumaqdır”, - deyə Zabitlər İttifaqının əməkdaşı Nikolay İqoşin bildirib.

Moskva meriyası gələcəkdə Zabitlər İttifaqından başqa rusların ən döyüşkən qruplaşması kimi bilinən Kazaklarla da əməkdaşlıq etməyi planlaşdırır. Artıq Rusiya vətəndaşları ilə yanaşı miqrantlar və ölkəyə daxil olan qonaqlar da hər yerdə ciddi yoxlamaları hiss edirlər.

Vətəndaş Sergey Nikonov isə bu gün Novosibirskdən Moskvaya təyyarə ilə ordan isə şəhərə dəmir yoluyla gəldiyini və bu zaman həm aeroport, həm də dəmir yolunda təhlükəsizlik tədbirlərinin ciddi şəkildə artırıldığının şahidi olduğu deyir.

“Əlbəttə ki, təhlükəsizlik tədbirləri artırılmalıdır. Ölkəmizə gələnlər ciddi yoxlanılmalıdır. Əks halda Avropada baş verənlər burda da təkrarlana bilər”, - deyə Moskva sakini Nataliya Sverqunova vurğulayıb.

Moskvadakı təhlükəsizlik tədbirlərinin terror hücumlarının qarşısını almaq üçün heç bir zaman kifayət etməyəcəyinə diqqət çəkən rəsmilər isə vətəndaşlardan da bu məsələdə daha diqqətli olmalarını istəyirlər./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar