ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Rusiya paytaxtı Moskvaya gəliblər.
Məlumata görə, onlar Rusiya xarici işlər nazirinin müavini Griqori Karasinlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edirlər. Görüşün sonunda mətbuata açıqlama veriləcəyi bildirilib.
Bundan əvvəl, həmsədrlər iyulun 6-da Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər. Mİnsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” səhifəsində bu barədə yazıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparıblar.
Ümumiyyətlə, iyulun 20-21-də həmsədrlərin bölgəyə növbəti səfəri nəzərdə tutulur. Onlar iyulun 20-də Ermənistanda, 21-də isə Azərbaycanda olacaqlar. Məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.
Jan-Fransua Şarpante - Fransanın Ermənistandakı səfiri
Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpante bu gün İrəvanda keçirdiyi mətbuat konfransında jurnalistlərin ATƏT-in Minsk qrupunun ünvanına səsləndirdiyi tənqidi fikirlərə cavab verib. O deyib ki, həmsədrlər birgə işləyirlər və hələ heç kim onların fəaliyyətini lazımsız hesab etmir. Fransa həmsədr ölkə kimi problemin münasib həll yolunun tapılması üçün kömək etməyə qərarlıdır və bu işə sadiqdir.
Səfir vurğulayıb ki, spekulasiya yaradacaq bəyanatların verilməsini təhlükəlidir.
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşü növbəti görüşü bu ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda növbəti iclası çərçivəsində baş tutacağı gözlənilir. Bu, iki ölkə prezidentinin son illərdə sayca dördüncü görüşü olacaq.
İlham Əliyev - Azərbaycan prezidenti və Serj Sarkisyan-Ermənistan prezidenti
İlham Əliyev ilə Serj Sarkisyan arasında son görüş 2014-cü il oktyabrın 27-də Pransa prezidentinin Fransua Ollandın vasitəçiliyi ilə Parisdə baş tutub. Olland, Əliyev və Sarkisyan arasındakı üçtərəfli görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və ATƏT-in qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak ediblər.
İki ölkə başçısının üçüncü görüşü ABŞ-ın dövlət katibi Con Kerrinin iştirakı ilə ötən il sentyabrın 4-də Nyuportedə olub. Tərəflər danışıqların indiki mərhələsinə və Qarabağ münaqişəsinin həlli perspektivlərinə aid məsələləri müzakirə edib, danışıq prosesi üzrə mövqelərini ortaya qoyublar.
Bundan əlavə, prezidentlər İlham Əliyev və Serj Sarkisyan ötən ilin mayında Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Soçidə üçtərəfli görüş keçiriblər. Bu görüşdə Azərbaycan və Ermənistan Silahlı qüvvələri arasında qoşunların təmas xəttində yaranmış gərgin vəziyyətin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bir sözlə, həmsədrlər dəfələrlə bildiriblər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərirlər və bu problemin həll olunmasında maraqlıdırlar. Amma ortada konkret nəticə yoxdur.
ATƏT-in Minsk qrupunun həmsədrləri
Həmsədrlər bu il fevralın 16-19-da Azərbaycan, Ermınistan və Dağlıq Qarabağda olub, itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Onlar regiona son səfərləri ilə bağlı fevralın 20-də birgə bəyanat verib, tərəfləri atəşkəs rejiminə hörmətlə yanaşmağa çağırıblar.
Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafında 7 rayonunu zəbt ediblər. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik aparılan danışıqlar yekun sülh razılaşmasının imzalanmasına gətirib çıxarmayıb. Rəsmi Bakı Qərb ölkələrini bu münaqişəyə münasibətdə separatçı rejimin xeyrinə ikili standartlarla yanaşmada ittiham edir./anspress/