Moskva və Ankara Qarabağı qaytarır
22.09.2015 1166 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə etmək üçün sentyabrın 23-də Moskvaya gedir. 

Məlumata görə bu barədə ABŞ-ın "Stratfor" nəşri yazıb. Məlumata əsasən Moskva ilə Ankara arasında gərgin münasibətlər yalnız Suriyaya görə yaranmayıb. Son aylarda Rusiya Qafqazda Türkiyənin əsas müttəfiqi Azərbaycanla da ciddi danışıqlar aparır. Bu danışıqların gedişatında Moskva və Bakı Dağlıq Qarabağ haqqında Azərbaycan və Ermənistan arasında dondurulmuş münaqişəni qəti şəkildə həll etməyə çalışır. Daha əvvəl Ankara münaqişənin nizama salınmasında Bakının hərbi zamini qismində çıxış edirdi, amma indi Rusiya regionda vəziyyətə təkbaşına nəzarət etmək istəyir.

Həmçinin, Moskva "Türk axını" layihəsinin sonrakı inkişafı məsələsində Türkiyəyə təzyiqin göstərilməsi üçün Suriyadakı və Dağlıq Qarabağdakı münaqişələrdən istifadə etməyə çalışır, hansı ki, işlər yaxın vaxtlarda dayandırılıb.

 

Moskva-Ankara-Bakı xəritədə

 

Qərb və Rusiya mətbuatında daha çox Dağlıq Qarabağ münaqişəsi üzrə hansısa razılığın əldə olunması barədə yazıların dərc olunur. Bu, bəzi məsələləri üzə çıxarmaqla yanaşı, ciddi narahatlıq da yaradır. Rusiya mətbuatında isə yazılır ki, Qərb Azərbaycan üçün siyasi və iqtisadi qiymətini, mənasını və əhəmiyyətini itirib. Azərbaycan nəhayət dərk edib ki, Qərb arenasında ona Qarabağ probleminin nizama salınması üzrə dəstək yoxdur və bunu məntiqli şəkildə əsas götürərək Rusiya ilə sıx münasibətlərə üstünlük verir. 

Hər şeydən əvvəl, Qərb İranla nüvə sahəsində razılaşmadan sonra əlaqələri nizama salmaqla Azərbaycan ilə Türkiyəni çətin vəziyyətdə qoydu, Türkiyə Yaxın Şərqdə və kürd probleminin həllində sanki təcrid vəziyyətinə salındı. Azərbaycanın isə Qarabağ probleminin həllində Qərbə ümidi azaldı. Belə olan halda Rusiya Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi və onun hüdudlarına nəzarətin gücləndirilməsi hesabına mövqelərini möhkəmləndirməyə çalışır. 

Hazırda Rusiya, Türkiyə və Azərbaycanın bir çox məsələlərdə vahid mövqedən çıxış etməyə çalışması, Suriyada, Qarabağda maraqlar baxımından Rusiyanın və Türkiyənin əməkdaşlığının müşahidə edilməsi, həmçinin Ermənistanın işğalı altında olan Qarabağ ərazisinin Azərbaycana aid olması, bu ərazilərin rəsmi Bakının nəzarəti altına verilməsi və bölgəyə Rusiya qoşunlarının yerləşdirilməsinə dair Rusiyanın və Azərbaycanın müəyyən razılığa gəlməsi fikirləri daha çox müzakirələrə səbəb olur. 

Əsl reallıq necədir, Rusiya bununla nəyə nail olmaq istəyir, bunun Azərbaycana faydası olacaqmı?

Siyasi şərhçi Zərdüşt Əlizadə  Rusiyanın bu planının mənasız olduğunu söyləyib: "Moskva nəyəsə nail ola bilməyəcək. Bunların hamısı boş söhbətdir. Rusiyanın dövlət kimi gələcəyi yoxdur. Odur ki, Azərbaycan hakimiyyəti o qədər də ağılsız deyil ki, Rusiya sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirsin və beləliklə, Qarabağı itirsin."

 

Zərdüşt Əlizadə - politoloq

 

Ümumiyyətlə, Rusiyanın Qarabağ problemi ilə bağlı plan hazırlaması ilə bağlı iddialar var. Plana görə, Rusiyanın Qarabağa qoşun yeritməsinə İrəvan qarşı çıxsa, guya Rusiya üstünlüyü Azərbaycana verəcək. Rusiyanın Ermənistana 200 milyonluq kredit ayırması da məhz İrəvanın buna qarşı çıxmaması üçün edilib. 

Bu məsələyə münasibət bildirən Zərdüşt Əlizadə deyib: "Düşünürəm ki, Rusiya indiki mövcud vəziyyəti dəyişmək fikrində deyil. İndi nə Azərbaycan, nə də Ermənistan hakimiyyətinin xeyirinə deyil ki, nəsə dəyişsin. Bunlar hamısı görüntülərdir." 

Rusiya ekspertləri bildirirlər ki, Qarabağı qaytara biləcək yeganə ölkənin Rusiya olacağını Bakıda çox yaxşı anlayırlar. Xüsusən, Rusiya-Azərbaycan üçün daha doğmadır. O da vurğulanır ki, Rusiya sovet dövründə Ermənistan dövlətini məhz Azərbaycan əraziləri hesabına yaradıb və o dövrdə Ermənistan ən "imtiyazlı" respublika idi: "Azərbaycan Dağlıq Qarabağ probleminin nizama salınmasında geosiyasi üstünlüyündən və energetika resurslarından istədiyi kimi yararlana bilmədi və bunu transformasiya etməyi bacarmadı. Çünki Qərb Azərbaycana yalnız neft çəlləyi və tranzit kimi baxaraq problemin həllinə icazə vermədi və vermir."

 

Dağlıq Qarabağ ərazisi

 

Qərb ekspertləri isə məsələyə fərqli yanaşaraq, Qarabağ probleminin sonu ilə bağlı proqnoz açıqlayırlar: "Əgər Ermənistan Qarabağ bölgəsinə Rusiya qoşunlarının yerləşdirilməsinə razılaşmasa, "lokal" müharibə başlanarsa, Rusiya erməni qoşunlarının irəliləyişinə icazə verməyəcək. Bu məqsədlə Rusiya Azərbaycana müasir silahlar satmağa üstünlük verəcək və rəsmi Bakının üstünlüyünü təmin edəcək.

Ermənistana gəlincə, Kreml İrəvana növbəti dəfə blef etdi. Belə ki, İrəvan yaxın vaxtlarda Rusiyadan alacağı 200 milyon dollar kreditlə silah almalı idi, amma, bu, hələlik özünü doğrultmur. çünki yalan üzərində qurulan oyundur. Bu krediti Rusiya yalnız o zaman verəcək ki, Ermənistan Rusiyanın Qarabağa qoşun yeritmək niyyətinə qarşı çıxmasın. Bu, başqa cür mənasızdır. Yəni, əgər erməni tərəfi "diplomatik" varianta razılaşmasa, onda onu müharibəyə təhrik etməyə çalışacaqlar." 


Serj Sarkisyan - Ermənistan prezidenti

 

Ermənistanın bu planla razılaşacağı sual doğursa da, lakin bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan Düşənbədə bildirib ki, bu məsələlərlə bağlı hansısa razılıq var. 

Bir sözlə, bu plan barədə Qərb və Rusiya mətbuatında geniş yazıların nəşri, həmçinin bu məsələ ilə bağlı fikirlərin kifayət qədər məlumatlandırılmış ekspertlərin dilindən səsləndirilməsi maraq doğurur. Təbii ki, bu, yeni ssenari deyil və vaxtaşırı gündəmə gətirilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar