Rusiyanın Ufa şəhərində iyulun 9-10-da BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasını birləşdirən qrup) üzvü olan ölkələrin növbəti sammiti baş tutacaq. BRİKS sammitləri Rusiyanın sədrliyi ilə keçiriləcək.
Məlumata görə, sammitin indiki zamanda keçirilməsi mühüm əhəmiyyətə malikdir. Rusiya bununla Qərbə yeni meydan oxumağa hazırlaşır. Sammit ərəfəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin ünvanına sərt ittihamlar səsləndirməsi bunu deməyə əsas verir.
İnkişaf edən beş ölkəni birləşdirən qrupun (BRİKS) Gənclər Forumunun iştirakçıları ilə görüşdə XİN rəhbəri dünyada mövcud münaqişələrin nizama salması prosesi haqqında danışıb və deyib ki, ABŞ təkbaşına heç bir münaqişəni nizama sala bilmir. Ona görə də kollektiv səylərin birləşdirilməsi lazımdır.
Onun sözlərinə görə, indiki münaqişələrin xarakteri müasir dünyada problemləri qızışdırır. BRİKS kimi təşkilatlar bu oyundan kənarda qalır və guya nizamlama prosesi üçün bacarıqlı deyil. Halbuki, bu, belə deyil və başqa təşkilatların rolu daha effektiv ola bilər. Ancaq, təəssüf ki, nə ABŞ, nə Avropa İttifaqı, nə də NATO bu qrupa üzv deyil. Amma bilmək və anlamaq lazımdır ki, indi təkbaşına, kollektiv səylər olmadan dünyada heç bir münaqişəni nizama salmaq mümkün olmayacaq.
S.Lavrov deyib ki, bütün münaqişələrdə Qərb öz tələblərini ortaya qoyur. Amma Şərq, Cənub və başqa strukturların mövqeyi nəzərə alınmır. Baxmayaraq ki, güclü qərb ölkələri də BRİKS kimi təşkilatlarda yer alır. Aparıcı ölkələri birləşdirən BRİKS-in müasir beynəlxalq münasibətlərə, demokratik dəyərlərin qorunmsına təsiri çox ciddi ola bilər.
Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib ki, Rusiya BRİKS ölkələrinin beynəlxalq problemlərin həllində öz yanaşmasını fəal müdafiə etməsində, həmçinin münaqişələrin nizama salınmasında maraqlıdır: "BRİKS-də güclü silah var, bu, mənəvi nüfuzdur. Ona nail olmaq lazımdır ki, BRİKS beynəlxalq-iqtisadi əlaqələrdən söhbət gedirsə, iqtisadi təşkilat olan G-20-nin, dövlətlər arasındakı mübahisələrin nizama salınmasından söhbət gedirsə, BMT-nin qərarlarına münasibət bildirsin.
Sammit iştirakçıları Moskvada, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində nazir Sergey Lavrovla görüşdən sonra Kazana yola düşüblər. BRİKS-in Gənclər sammiti iyulun 4-də Tatarıstan paytaxtında başlayıb və dörd gün davam edəcək. Üç yüz iştirakçının qatıldığı sammitdə 5 əsas istiqamət üzrə müzakirələr aparılacaq, həmçinin energetika əməkdaşlığı üzrə ayrı sessiya planlaşdırılıb. Samittə yekun sənəd imzalanacağı gözlənilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib və deyib ki, BRİKS ölkələrin sammiti Başqırdıstan paytaxtında baş tutacaq və Rusiyanın sədrliyi ilə keçiriləcək: "BRİKS ölkələrinin dövlət başçıları Braziliya prezidenti Dilma Russef, Rusiya prezidenti Vladimir Putin, Hindistanın baş naziri Narendra Modi, Çin prezidenti Si Szinpin, Cənubi Afrika Respublikasının prezidenti Ceykob Gedleyihlekisa Zuma gələn həftə Ufa şəhərində toplaşacaqlar.
Ümumiyyətlə, 2010-cu ildə yaradılan BRİKS-in indiyədək üç sammiti keçirilib.
1. 2012-ci il martın 29-da Dehli şəhəri.
2. 2013-cü ili martın 26-27-də Cənubi Afrikanın Durban şəhəri.
3. 2014-cü il iyulun 15-də Braziliyanın Fortalezada şəhəri.
Bu qeyri-formal dövlətlərarası qrupun ötən il iyulun 15-də Braziliyanın Fortalezada şəhərində keçirilən sammitində 100 milyard dollarlıq ehtiyat valyuta fondunun və ya bankın yaradılması haqqında müqavilə imzalanıb. Dünya əhalisinin 40 faizini təşkil edir və dünya ticarətində mühüm əhəmiyyətə malikdir. BRİKS ölkələrinin dünya iqtisadiyyatında mühüm rol oynayır. Ona görə də BRİCS üzvlərinin bank yaratmaq ideyası geosiyasi maraq güdür.
Təşkilat ABŞ və Avropanı qlobal maliyyə sistemindəki aparıcı rolundan məhrum etmək fikrindədir. Belə ki, Çin 2016-cı ildə dünyanın ən böyük iqtisadiyyatı olmaq niyyətindədir. Hindistan da sürətlə inkişaf edir və 2050-ci ildə ABŞ-ı ikinci yerdən sıxışdıra bilər. Lakin BRİCS üzvlərinin problemləri az deyil. CAR-da Ümumi Daxili Məhsulun artım tempi zəifdir. Braziliyada büdcə çatışmazlığı kəskinləşib. Orada iqtisadi inkişaf tempi aşağı düşüb. Rusiya iqtisadiyyatında bu il artım 0,5% gözlənirsə, Çin üçün bu rəqəm ən pis halda 7% olmalıdır. Qərb ekspertləri bu təşkilata daxil olan ölkələrin arasında daha çox fərqlərin olduğu qənaətindədirlər. /anspress/