Aprelin 28-də Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib.
Qazeta.info Azvision.az-ın məlumatına əsasən bildirir ki, nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı verilən bəyanatda bildirilir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib.
2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər. Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.
XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra nazirlər ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb və mövzu barədə fikir mübadiləsi aparıblar. Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.
(12:33)
Bu dəqiqələrdə Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilir.
AzVision.az xəbər verir ki, Rusiya XİN-in təşkil etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunur.
Görüş mətbuat üçün qapalı keçirilir.
Qeyd edək ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Riçard Hoqland, eləcə də ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edir.