“Təəssüf ki, insanlara çox tez inanmışam, etibar etmişəm, zaman keçdikcə görmüşəm ki, səhv etmişəm”
“4 ilə yaxndır ki, Novxanıda bağ evində yaşayıram, qışı da, yayı da. Hər cür şərati var. Əvvəl Bakıda 9-cu mikrorayonda yaşayırdım. Bundan əlavə “Sovetski”də yaşamışam, dəniz kənarında da evim var, ancaq orda yaşamıram”. Sabiq təhsil naziri Misir Mərdanov bu sözləri “İnteraz” telekanalında yayınlanan proqramda deyib.
Şəxsi həyatı ilə bağlı geniş danışan keçmiş nazir deyib ki, şəxsi avtomobilini həmişə özü idarə edir: “Şənbə-bazar günləri həmişə şəxsi avtomobilimi özüm idarə edirəm. Sürücüyə deyirəm, get, ailə-uşağının yanına”. Radara düşüb-düşməməsinə gəldikdə, M.Mərdanov maraqlı etiraf edib: “Nazir vəzifəsində çalışmasam da, hər kəs mənə hörmət edir, xüsusilə də yol polisi əməkdaşları. Hansısa səbəbdən avtomobili saxlayanda görürlər və “Misir müəlim, sizsiniz, sağ-salamat gedin”t, deyib yola salırlar. Hansı müəssisəyə gedirəmsə, hörmət görürəm. 15 il təhsil naziri işlədiym vaxt və BDU-ya rəhbərlik etdiyim dövrdəki fəaliyyətim hədər getməyib. Nə etmişəmsə, onun cavabını alıram”.
İdmana münasibətindən bəhs edən M.Mərdanov deyib ki, 30 ilə yaxındır, hər gün 3 saat, səhər və axşam üst-üstə 13 km piyada gəzir: “Nə qədər ki, ayağım və başım çalışır, bu, qrafikə əməl edəcəyəm. Çünki məni gümrah saxlayır”.
“Həyatda həmişə ehtiyatlı adam olmuşam, ona görə də qeyri-adi hadisə ilə qarşılaşmamışam”-deyən M.Mərdanov özünün mənfi xüsusiyyətləri barədə bunları deyib: “İnsanlara tez inanıram. Təəssüf ki, insanlara çox tez inanmışam, etibar emişəm, zaman keçdikcə görmüşəm ki, səhv etmişəm.
Rəsmi dövlət adamları gərək inanmaq məsələsində bir az ehtiyatlı olsunlar. Bu gün ayağımın altını qazanlar var, amma gərək adamın amalı saf olsun. Nə qədər qazsalar da, heç vaxt yıxılmamışam”.
44 ildir alman əsilli həyat yoldaşı ilə yaşadığını, peşman olmadığını deyən M.Mərdanov 3 övladından 7 nəvəsinin olduğunu vurğulayıb. “Uğurlarıma görə ata-anamdan sonra həyat yoldaşıma minnətdaram” deyən sabiq nazir əlavə edib ki, həyat yoldaşı ilə bir-birini qısqanması halı heç vaxt olmayıb.
Ancaq söhbət əsnasında verilişin bir neçə ay bundan əvvəl çəkildiyi ortaya çıxıb. Belə ki, M.Mərdanov ailə üzvləri barədə danışarkən qardaşının nazirlikdə çalışdığını vurğulayıb. Ancaq fakt budur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsində çalışan qardaşı İlham Mərdanov bir həftə öncə tutduğu vəzifədən azad edilib. Hər halda kifayət qədər maraqlı epizodlarla zəngin olan söhbətin tam həcmdə yalnız indi efirə verilməsi diqqət çəkir. |musavat.com|