Trend “Forbes”in siyahıya saldığı milyarderlərlərin bəzilərinin keçmişini araşdırmağa çalışıb.
Araşdırma nəticəsində məlum olub ki:
Dünyanın ən zəngin insanlarından biri, Microsoft korporasiyasının yaradıcısı və sahibi, 60 yaşlı Bill Qeyts kollecdə oxuduğu dövrdə Traf-O-Data şirkətini yaradır. Bill Qeyts 50.000 dollara QDOS (Quick and Dirty Operating System) sistemini əldə edir, adını MS-DOS-a dəyişir və IBM şirkətinə lisenziyasını satır. Qazanılmış pullar Microsoft-a bir neçə il ərzində fəaliyyət göstərməyə imkan yaradır. Göründüyü kimi, Bill Qeyts hələ uşaq yaşlarından onu dünya zənginləri siyahısında uzun illər lider mövqeyinə çıxaran sahəyə - müasir texnologiyaların tətbiqinə önəm verib və bu gün də bu fəaliyyətini davam etdirir.
“Linkedin” işgüzar əlaqələrin qurulması üçün sosial şəbəkənin yaradıcısı, 48 yaşlı Rid Hofman “Apple Computer”də və “Fujitsu”da məhsul idarəetmə sahəsində işləyib. PayPalın eBay satışından sonra, Hofman Silikon vadisinin ən uğurlu biznesmenlərindən biri oldu. Təsadüfi deyil ki, “Forbes” jurnalının 2013-cü il ərzində dünyanın ən nüfuzlu sahibkarlarından ibarət reytinq siyahısında Rid Hofmanın da adı var. Belə ki, o, dünyanın ən nüfuzlu 12 biznesmeninin siyahısında yer alır.
"America Online" (AOL) nəhəng internet korporasiyasının yaradıcısı, 57 yaşlı Stiven Keyz "Procter & Gamble" şirkətində brend menecer vəzifəsində çalışıb. Burada qazandığı təcrübə sonradan onun biznes sahəsində ciddi uğurlar qazanmasının əsasını qoyub. Ardınca müxtəlif iri şikətlərdə rəhbər vəzifələr tutan S.Keyz hazırda “Forbes”in milyarderlər siyahısında ilk yerlərdən birini tutur.
Rusiyanın ən zəngin adamı, 49 yaşlı Roman Abramoviçin ali təhsili yoxdur. O, Uxta Sənaye İnstitutuna daxil olsa da, oranı bitirə bilmir. Ötən əsrin 80-ci illərində kiçik biznesə başlayan R.Abramoviç neft ticarəti ilə məşğul olmağa başlayır. Abramoviçin əmək bioqrafiyası adi bir fəhlə kimi başlayır, üç il ərzində "Mosspetsmontaj" trestində mexanik kimi işləyir. Çukotka Muxtar Dairəsinin sabiq qubernatoru, hazırda dünyanın məşhur “Çelsi” futbol klubunun prezidenti R.Abramoviç də “Forbes”in milyarderlər siyahısında öncül yerlərdən birini tutur.
“Forbes”in milyarderlər siyahısına saldığı şəxslər arasında Ukrayna prezidenti Pyotr Poroşenkonun da adı var. Ötən il hakimiyyətə gələn P.Poroşenko ondan öncə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Ukraynanın ən böyük qənnadı şirkəti – “Roshen”in və avtomobil nəhəngi - "Ukrprominvest"in sahibi olub. Şokolad istehsalında "kral" olan "Roşen" məhsulunun təxminən yarısını Rusiyaya ixrac edirdi.
“Forbes”in siyahıya saldığı milyardelər arasında azərbaycanlılar da var. Bakının Bakıxanov qəsəbəsində anadan olanVahid Ələkbərov SSRİ neft və qaz sənayesi nazirliyində yüksək vəzifələr tutub. Nazirin birinci müavini vəzifəsinə qədər yüksəlib. Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək "Lukoyl" şirkətinə prezidentlik edir. Şəxsi sərvəti milyardlarla dollar həcmində ölçülür.