Milyarder Mixail Qutseriyev səhmlərinin bir qismini oğluna ötürüb
31.08.2017 730 0.0 0

"Russneft" və "Neftisa" neft şirkətlərinin sahibi, rusiyalı milyarder Mixail Qutseriyev neft sektorundakı biznesinin bir hissəsini oğlu Səidə ötürüb.


Məlumata görə, bu barədə Mixail Qutseriyev "Forbes" jurnalına müsahibəsində bildirib.

 

"Səid sutkada 16 saat işləyir. Buna hörmət etmək lazımdır. O artıq mənim neft biznesimin payçılarındandır - mən paketimin bir hissəsini onunla bölüşdüm", - deyə milyarder qeyd edib.

 

Bölgüdən öncə Mixail Qutseriyev şirkətlər qrupunun 70%-inə nəzarət edib, qalan 30% isə onun qardaşı Səid-Salam və qohumu Mikayıl Şişxanova məxsus olub. Mixail Qutseriyev səhmlərinin 19%-ini oğluna verib. Buna baxmayaraq, nəzarət səhm paketi hələ də M. Qutseriyevdədir.

Milyarderin sözlərini Kiprin dövlət reyestrinin məlumatları da təsdiqləyir: hazırda "Lambency Holdings" şirkətinin səhmlərinin 19%-i Səid Qutseriyevə məxsusdur. Mixail Qutseriyevə məxsus "Safmar" şirkətlər qrupu məhz "Lambency Holdings" tərəfindən "Russneft" və "Neftisa" şirkətlərini idarə edir.

 

Qeyd edək ki, Səid "Eldorado", "M.Video" və "Texnosila" şirkətlərində də paya malikdir. Səid Qutseriyev "Eldorado" və "M.Video" şirkətlərinin Direktorlar Şurasına rəhbərlik edir, lakin onun əsas iş yeri "Fortinvest" şirkəti sayılır. Bu şirkət neft emalı və neft məhsullarının satışı ilə məşğuldur. Səid 2014-cü ildən etibarən şirkətin baş direktorudur.

"Forbes" jurnalının son reytinqinə əsasən Qutseriyevlər Rusiyanın ən zəngin ailəsidir.

 

Maraqlıdır ki, səhmlərinin bir hissəsini oğluna ötürdükdən sonra Mixail Qutseriyevin sərvəti 6,3 mlrd. dollardan 5,5 mlrd. dollaradək azalıb.

 

Qeyd edək ki, "Russneft" Rusiyada neft hasilatı həcmlərinə görə ilk onluğa daxildir. Şirkət Xəzər dənizin Azərbaycan sektorunda da hasilat həyata keçirir. "Russneft"in ehtiyatlarının həcmi 200 mln. ton təşkil edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar